Azərbaycanın məşhur komediya aktyoru, rejissor və teleaparıcı Müşviq Şahverdiyev ölkənin tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC-yə (VÖEN – 1403588261) qarşı məhkəmə iddiası qaldırıb.
Mia.az Yeniavaz.com-a istinadən xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib. Məhkəmə iddiasının müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr səbəbilə qaldırıldığı bildirilir.
Məlumat üçün bildirək ki, daha əvvəl “Cinemazadeh” MMC tərəfindən Müşviq Şahverdiyevə qarşı məhkəmə iddia qaldırılmışdı.
Onu da qeyd edək ki, 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Cinemazadeh” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşən MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.
Onu da bildirək ki, bir qədər əvvəl Azərbaycanın aparıcı banklarından biri olan “Azər-Türk-Bank” ASC “Cinemazadeh” MMC-yə qarşı məhkəmə iddiası qaldırmışdı. Bu iddiaya isə Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev tərəfindən baxılır.
Bundan başqa yazıçı və ssenarist Şəfaqət Cavanşir də (Mizəyevə Şəfaqət Cavanşir qızı) “Cinemazadeh” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Həsənovun icraatına verilib.
MİA.AZ