Bir neçə il
əvvəl paytaxtın Nizami rayonunun ərazisində yerləşən «Neolit» şadlıq evindəki
atışma olayından sonra bir sıra problemlərlə üzləşən Azərbaycan Respublikasının
Rumıniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənovun yaxın qohumu
Yaşar Məlikov hazırda daha ciddi problemlə qarşılaşıb.
Mia.az-a
daxil olan məlumata görə, "Azərsu” ASC Yaşar Məlikovun sahibi olduğu və hektarlarla
ərazisi olan "Neolit” şadlıq evini sökmək istəyir. Səbəb isə həmin şadlıq evi və
həyətyanı sahəsi olan restoranın ASC-nin balansındakı iri diametrli su borusu xəttinin
üzərində tikilməsidir: "Şadlıq evi 500 mm-lik borunun üzərində tikilib. ASC
məhz buna görə Nizami rayonunda nəzərdə tutulan yenidənqurma işlərini apara
bilmir. Ona görə də, Yaşar Məlikovun obyektinin sökülməsi gündəmdədir”.
Məlumatı
Mia.az-a verən mənbə iddia edir ki, Yaşar Məlikov bu söküntünün qarşısını almaq
üçün çox çalışır: "O, bütün əlaqə və imkanlarından yararlanaraq, ASC-nin
planını əngəlləməyə çalışır. Deyə bilərəm ki, o, qismn istəyinə nail də olub.
Məsələ "Azərsu"yun rəhbəri Qorxmaz Hüseynova qədər məruzə edilib. ASC sədri də hələlik açıqlamaq
istəmədiyim bir məsələ üzündən söküntünü "dondurub”. Amma gec-tez bunun olacağı
qaçılmazdır”.
Məsələ ilə
bağlı Yaşar Məlikova zəng etsək də, telefonu qapalı oldu. ASC-nin Nizami
Su-Kanal İdarəsindən isə bu barədə suallarımıza cavab verən səlahiyyətli
tapılmadı.
Sonda onu
da qeyd edek ki, Yaşar Məlikovun dayısı oğlu Qabil Hüseynov Eldar Həsənovun qızının həyat
yoldaşıdır.