Kəramət Böyükçöl
***
Birinci vitse-prezident Mehriban xanım Əliyeva atama ev hədiyyə edibsə, bu nə hökumətin mənə münasibəti deməkdir, nə də mənim hökumətə. Atam şeir yazanda mən heç anadan olmamışdım.
Atamın ölkəmizdə və xaricdə 35 kitabı çap olunub. Beynəlxalq şeir festivallarında Azərbaycanı təmsil edib. Onun tərcümeyi-halının hamısını buraya yazmaq fikrim yoxdur.
Bircə şeyi bildirmək istəyirəm ki, atam Yazıçılar Birliyində işləyir. Məni isə Yazıçılar Birliyindən çıxarıblar. Hətta mən Yazıçılar Birliyindən çıxarılanda atam məni yox, sədr Anarın mövqeyini müdafiə edərək açıqlama vermişdi ki, Kəraməti yaxşı edib birlikdən uzaqlaşdırıblar.
Mən atamla 10 ildən çoxdur ki, bir yerdə yaşamıram. Bizim ata-oğul kimi münasibətlərimiz cəmiyyət qarşısında olan debatlarımızda da müəyyənləşmişdi. Yəni, atama ev hədiyyə olunmamışdan qabaq onun ictimai mövqeyi bəlli idi. Ataya görə oğulu sorğulayan insanlar isə gərəkdir ki, ataya görə oğulu, yaxud oğula görə atanı cəzalandıran sistemi də qınamasın.
Yadıma gəlir ki, 2018-ci ildə mərhum Əbülfəz Elçibəy haqqında bir status yazmışdım. Elçibəy həyat idi, Elçibəy sevgi idi. Sevgi isə uduzanda, məğlub olanda əsl sevgi olur. Elçibəy ona görə məğlub oldu ki, o, Azərbaycanı həqiqətən sevirdi. Həyat da ölüm qarşısında məğlubiyyətə məhkumdur kimi cümlələrdən ibarət olan yazımdan yanlış bir söz, ifadə tapıb məni bir ay linç elədilər.
Onda yazmışdım ki, mənim üzərimə olan hücumlar 4 iyun qiyamçılarının üzərinə olsaydı, sevdiyinizi və seçdiyinizi qoruyardınız.
İndi atasına ev veriblər deyə oğlunu qınayan adamlar öz haqlarını, hüquqlarını tələb etsələr, onların hamısının evi və rahat bir həyatı olar. Kimə ev verilib-verilməməyi də onları maraqlandırmazdı. Yaxud, arzularının ifadəçisi olan adamları həbsdən azad edəcək səviyyədə ictimai təpki göstərə bilmirlər, gəlib küçələrdə kitablarını satan yazarın üstünə dirəniblər ki, hökumət sənin atana niyə ev verib?
Mən ictimai şüurun necə yönləndirildiyini yaxşı bilən adamam. Atama hədiyyə verilən evdə mənim adım qəsdən hallandırılır. Bildirmək istəyirəm ki, Kəramət azad yazardır. O, özü kitablarını satır. O, heç bir yerdə qərar tuta bilən adam da deyil ki, özünə ev arzulasın. Onun Azərbaycanda rahat olduğu yeganə yer çöllərdir, küçələrdir, parklardır. Bunu hökumət çox yaxşı bilir və anlayır, bu günə kimi də mənim bu istəyimə hörmətlə yanaşıblar. Bunu insanların da anlamağını istərdim. Yəqin ki, statusumu oxuyan naşirlər kitablarımın nisyə çapı üçün neçə gündür onlardan etdiyim xahişi təsdiqləyərlər. Yəqin ki, kitabımı çap etmək üçün neçə gündür borc istədiyim dost-tanışlar da bu statusumu oxuyur. Mənim yazıçı kimi həyatım budur.
Mən istəsəm, maddi cəhətdən təminatlı bir həyatım olmazmı? Əlbəttə, olar. Amma mən bunu istəmirəm. Saxta profillərlə məni nə qədər qıcıqlandırmağa çalışsalar da, qəti şəkildə əmin ola bilərsiniz ki, heç acığa da düşüb istəməyəcəm. Mən özümlə və arzularımla münasibətlərimi çoxdan aydınlaşdırmışam.
Yeganə hesablaşdığım yer isə öz içim, azad ruhumdur. Könlümdə kitablarımın satışından əldə etdiyim xırda qazancdan, vaxtında qaytarmaq şərti ilə borc ala biləcəyim 3-5 dostdan başqa heç bir arzum yoxdur.
MİA.AZ