Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında uğurlu əməkdaşlığın aparıldığı və bu əməkdaşlığa hər iki tərəfdən böyük önəm verildiyi qeyd olunub.

Klaus Şvab Azərbaycanın Dünya İqtisadi Forumunun yeni təşəbbüslərinə, o cümlədən Dördüncü Sənaye İnqilabı sahəsində yeni layihələrə qoşulmasını məmnunluqla qeyd edib.

Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə Dördüncü Sənaye İnqilabı Mərkəzinin uğurlu fəaliyyəti xüsusi vurğulanıb və bunun Davos İqtisadi Forumu ilə əməkdaşlığın müxtəlif aspektlərinin daha da genişləndirilməsinə töhfə verdiyi bildirilib.

Klaus Şvab Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsini xüsusi vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han ilə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin və bu əsasda Orta Dəhlizin əhəmiyyətinin artmasında rolu xüsusi qeyd olunub.

Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun qurulması və inkişaf etdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş işlər haqqında məlumat verib.

Ölkəmizin öz ərazisindən yüklərin daşınması üçün ötürücülük qabiliyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulanıb.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edilib. Azərbaycanda Avropanın enerji bazarına əlavə həcmlər çıxarılması istiqamətində işlərin aparıldığı bildirilib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı və perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Mia.az