Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı zamanı Prezident İlham Əliyevlə yerli sakinlər arasında dialoq yaşanıb.
Mia.az Prezident İlham Əliyevin sakinlərlə görüşündə yaşanan sual-cavabı təqdim edir:
Prezident İlham Əliyev: Təzə yoldan istifadə edirsiniz?
Sakinlər: Bəli, çox rahatdır, gözəldir. Sizin sayənizdə bu problemimiz də həll olundu. Allah Sizi qorusun.
Sakinlər: Sağ olun. Böyük problem idi. Böyük iş görülüb.
Sakin: Hörmətli Prezident, mən Zərdab rayonundanam. Bu yol ilə Veys baba ziyarətgahına üç saata gedib gəlirdim. Çox sağ olun. Sizə çox minnətdarıq. İndi yollarımız çox gözəl çəkilibdir.
Sakinlər: Bəli, Zərdaba qədər gedir. Neçə kənd varsa hamısının sakinləri Sizə duaçıdır.
Prezident İlham Əliyev: Mənə dedilər ki, 11 kəndin 20 min əhalisi uzunluğu 34 kilometr olan bu yoldan istifadə edir.Sakin: Cənab Prezident, bu yoldan Zərdab camaatı da istifadə edir. Çox təşəkkür edirik. Sizə minnətdarıq. Mehriban xanıma minnətdarıq. Sizə möhkəm cansağlığı diləyirik.
Prezident İlham Əliyev: Yol rahatlıq, müasirlik, mədəniyyət, rahat həyat deməkdir. İndi görün, necə gözəl yol çəkilibdir. Azərbaycanın bütün kənd yolları bax bu səviyyədə olacaqdır. Hər il dövlət büdcəsindən, Prezidentin ehtiyat fondundan böyük vəsait ayrılır, hər bir rayonda, hər bir bölgədə kənd yolları çəkilir. Ağdaşın da bütün kənd yolları belə olmalıdır. Ağdaşda 71 kənd vardır. Biz indi burada 11 kəndi birləşdirdik. Bundan başqa, Ləki-Ağdaş yolu da tikilib. Gələcəkdə yeni kənd yolları da tikiləcək. Sizi bir daha təbrik edirəm.
Sakinlər: Allah Sizi qorusun. Bütün bu işlərə görə Sizə minnətdarıq. Sizə cansağlığı arzu edirik. Ömrünüz uzun olsun. Təkcə yola görə deyil, yaratdığınız bütün şəraitə görə Sizə təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun. Mən də xalq üçün çalışıram, işləyirəm. Mənim əsas məqsədim xalqa xidmət etməkdir.
Sakinlər: Çox sağ olun. Allah Sizə cansağlığı versin. Sizin yaratdığınız bu əmin-amanlıq, gözəl işlər xalqın rifahı, dolanışığı üçündür. Biz Sizin uğurlu, cəsarətli xarici siyasətinizlə fəxr edirik.
Prezident: İnşallah. Sağ olun.
Sakin: Xalq Sizi ürəkdən sevir. Ağsaqqallar adından, bütün ağdaşlılar adından Allahdan Sizə, ailənizə dualar edirik. Sizin Ağdaşa diqqətiniz çox böyükdür. Allah Sizdən razı olsun. Xalqın duaları Sizi qoruyacaq. Siz xalqın Prezidentisiniz, hər bir vətəndaşın Prezidentisiniz.
Prezident: Sağ olun. Təşəkkür edirəm.
Sakinlər: Sağ olun.