Müğənni Dəniz Əsədovaya qarşı dələduzluq etdiyi iddia olunan şəxslə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Mia.az-ın məlumatına görə, Lent.az-a açıqlama verən müğənni deyib ki, həmin şəxs ona 400 min manatdan çox ziyan vurub:
“Dörd il əvvəl müxtəlif vaxtlarda iş düzəltmək adı ilə, özünü yüksək vəzifəli şəxs kimi təqdim edib mənə külli miqdarda zərər vuran Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Kazımova Mehparə Musa qızıdır. Heç bir işimi həll etməyib, əksinə, məndən mənimsədiklərini öz xeyrinə xərcləyib. İllərdir məni aldadır, pulumun cüzi hissəsini qaytarsa da, çox hissəsini hələ də qaytarmayıb. Barəsində şikayət ərizəsi versəm də, yüksək məmurların əli ilə məsuliyyətdən yayınır. Şahidlərim də, səs yazıları və maddi sübutlar da var”.
Məsələ ilə bağlı Dəniz Əsədova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ötən il şikayət ərizəsi təqdim edib və 150 min manatı geri alıb. Daha sonra barışıq ərizəsi imzalanıb:
“Barışıq ərizəsi imzalayandan uzun müddət keçməsinə baxmayaraq, yenə də pulumu ödəmir. Əlimdə faktlar, sübutlar var ki, ödəyəcəyini deyir. Mən də onu ifşalamağa məcburam və faktlarla danışacağıma söz vermişəm”.
Mehparə Kazımovanın bu iddialarla bağlı münasibətini öyrənmək istəsək də, bu, mümkün olmadı.
Lakin onun vəkili İlqar Rüstəmov Lent.az-a bildirib ki, Dəniz Əsədovanın dedikləri yalandır: “Dəniz Əsədovanın bildirdiyi iddiaların hamısı şər-böhtan və yalandır. Daha öncə araşdırma aparılıb. Aidiyyatı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də işə baxılıb. Onun göstərdiyi faktlar öz təsdiqini tapmadığına görə, iş rədd olunub”.
Qeyd edək ki, müğənni Dəniz Əsədova Rauf, Rüfət, Şahin və Eldəniz adlı məmurların iş görmək adı ilə ondan 500 min manatdan yuxarı pul mənimsədiklərini iddia edir.