Müğənni Nəfəsin anası bir neçə gün qabaq ATV-də yayımlanan "Zaurla Günaydın" səhər şousunda deyib ki, qızının 16 yaşı olanda onu məcburən ərə vermişik.
Məlum olduğu kimi yetkinlik yaşına çatmayanların ərə verilməsi cinayət məsuliyyəti yaradır. Müğənninin anasının uzun müddət sonra etdikləri cinayəti etiraf etməsi onun cinayət məsuliyyətinə cəlb edilməsinə əsas ola bilərmi?
Mia.az-ın məlumatına görə, suala aydınlıq gətirən hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirdi ki, hər bir cinayət əməlində cinayət məsuliyyətinə cəlb etmə müddəti var:
“Həmin müddət qanunda təsbit olunub. Danışdığımız mövzuya görə cinayət işi cinayətin baş verdiyi vaxtdan 4 ilə qədər keçən müddətdə açıla bilər. Bunun üçün gərək ziyan görən tərəf şikayətçi olsun. Əgər bu müddət keçibsə onda faktla bağlı cinayət işi açıla bilməz. Ona görə də Nəfəsin anasının etirafı ona qarşı cinayət işinin açılmasına imkan vermir. Çünki, hadisədən çox illər keçib”.
Hüquqşünas onu da əlavə etdi ki, belə vəziyyətdə cinayət məsuliyyətinə cəlbetmə o zaman olur ki, hadisə baş verən zaman cinayət işi açılıb, lakin cinayətkar tapılmayıb: “Bu zaman, neçə il keçməsindən asılı olmayaraq aşkar edilmiş şübhəli əvvəllər açılmış cinayət işinə görə məsuliyyətinə cəlb edilir”.