Elxan ŞÜKÜRLÜ,

Ədalət Partiyasının sədr müavini

***

Bir neçə gündür jurnalist dostlarımız bir yerdən komanda alıblarmış kimi, israrla Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda aparılan yoxlamalar və həyata keçirilən həbslərlə bağlı mövqeyimizi öyrənməyə çalışır, hətta bu zaman bizi qınayırlar ki, niyə susur, orada baş verənlərə, hadisələrin harayadək inkişaf edəcəyinə aydınlıq gətirmirik.

Sual ünvanlayanlara, naxçıvanlı siyasətçiləri susmaqda qınayanlarasa mənim cavabım belə olur: “Gedin, “BABİL YANARKƏN: Səddamın İraqı və bir çöküşün hekayəsi”ni oxuyun, bütün suallarınıza cavab tapacaqsınız”...

Bəla burasındadır ki, nə jurnalistlərimiz oxuyur, nə siyasətçilərimiz, nə də ölkənin idarəetməsində iştirak edənlər. Ümumiyyətlə, rasional və oxumağa həvəsli xalq olmadığımızdan, burnumuzdan uzağı görmürük və bizi rahatca istədikləri səmtə yönləndirə bilirlər, özümüz də özümüzü çox asanca tələyə salırıq...

Oxuyan olsaydıq, görərdik ki, “Tanrının qapısı” mənasını verən Babil torpaqlarında Səddam dövründə yaşananlarla “Turan qapısı” adlandırılan, Azərbaycan dövlətçiliyinin tarixi beşiyi sayılan Naxçıvanda son 28 ildə yaşananlar arasında heç bir fərq olmayıb: təkcə idarəetmə üslubu, güc strukturları vasitəsiylə ölkənin ən passionar əhalisinə tətbiq olunan nəzarət və sındırma mexanizmi eyni və oxşar deyil, hətta yol verilən səhvlər belə, eynidir, bir-birinin təkrarı, bənzəridir...

Məsələn, gəncliyində çox ağır həyat yolu keçən, ancaq dövlət başçısı olduqdan sonra tamamilə fərqli – cah-cəlallı, dəbdəbəli bir həyat tərzi sürməyə üstünlük verən Səddamın ən böyük səhvlərindən biri bu idi ki, hakimiyyəti gücləndikcə ona inanmış xalqıyla yaxınlaşmaq əvəzinə, özüylə bir parçası olduğu xalqı arasında hədsiz dərin bir uçurum yaratdı, özünü seçilmiş və hamıdan üstün zənn etdi, üstəlik, qabiliyyətsiz və sərvətə həris qohum-əqrabasını, xüsusən də bivec, eyş-işrətə meylli oğlanlarını gətirib İraq kimi mürəkkəb ölkədə dövlət sükanının arxasına keçirdi, hamını, o cümlədən dövlətin qos-qoca nazirlərini, generallarını belə, onların ayağı altına sərdi...

Bilməyənlərə deyim ki, Səddamın ilk nikahdan - öz dayısı qızı ilə evlilikdən iki oğlu, üç qızı olub. Heç bir xüsusi qabiliyyətləri ilə seçilməyən, günlərini Skandinaviyadan gətirdikləri qızlarla eyş-işrət və əyləncə mərasimlərində keçirən oğlanları Uday və Kusay yalnızca Səddamın oğlu olmaları faktına görə İraqın ən varlı, ən imtiyazlı və ən səlahiyyətli şəxslərinə çevrilmişdilər.

Səddam fiziki baxımdan çox yöndəmsiz, ancaq xaraktercə əzazil və psixopat olan böyük oğlu Udayı öz yerinə əsas varis olaraq hazırlayırdı deyə, bütün dövlət aparatını oğlunun iradəsinə tabe etdirmişdi. Hətta bir dəfə Uday İraqın maliyyə nazirindən öz şəxsi hesabına külli miqdarda pul keçirməsini istəmiş, çox riskli əməliyyat olduğundan, maliyyə naziri də bu tələbi rədd etmiş və məsələ böyüyüb Səddamın qulağına çatmışdı. Öz təyin etdiyi naziri qorumaq və talançı qohum-əqrabasına da yerini göstərmək əvəzinə, Səddam nazirinə beləcə demişdi: “Uday sənin ağandır! Bunu heç vaxt unutma!”...

Səddamın oğlu Udayı qudurtması ona gətirib çıxarmışdı ki, o, istədiyi adamı yerindəcə güllələyir, hətta öz atasına qarşı çıxmaqdan belə, çəkinmirdi. Məsələn, Səddam İraq Hava Yollarının baş direktorunun sarışın arvadı Samirəni çox xoşladığından, onu ərindən boşatdırıb, özü almışdı və bu, Udayda çox böyük qəzəb yaratmışdı. Bir gün Uday sərxoş olduğu bir axşam Misir prezidentinin xanımının olduğu tədbirə basqın edərək, Samirə ilə Səddamı tanış edən şəxsi elə oradaca güllələyib öldürmüşdü. Sonralar Uday hətta öz əmisini də ayağından güllələmiş, əmioğlusunun isə qolunu qırmışdı...

Yəni, Uday belə Uday idi...

İndi Naxçıvanda yaşanan hadisələrin də əsas qaynağı bizdə sayları daha çox olan “Udaylar”dır. Bəlkə də vaxtında çap edilsəydi və Naxçıvan MR Ali Məclisinin sədri də biz naxçıvanlılara oxumaq üçün tövsiyə etdiyi kitablar siyahısına “BABİL YANARKƏN: Səddamın İraqı və bir çöküşün hekayəsi”ni oxuyub daxil etsəydi, hər şey indi tamam başqa cür olardı...

Oxumaq, öyrənmək və ondan nəticə çıxarmaq heç vaxt gec deyil! Çalışın, çox oxuyun və oxuduqlarınızdan, qoca tarixdən də ibrət alın!

Mia.az