Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
ikinci hissə,
Əvvəli 10 may 2021-ci il tarixdə
https://www.mia.az/w1013966/naxcivan-zengezur-susa-turizm-marsrutu-i-hisse-2021-05-10-171423
***
Ölkəmizdə elə turizm marşrutları vardır ki, bu istiqamətdə səyahət edən turistlər üçün dünyanın başqa yerlərində eyni anda çox çətin rast gələ biləcəkləri heyrət, təəccüb hisləri ilə yanaşı eyni zamanda qorxu, təəssüf və pis əməllərə qarşı nifrət hisləri də yaradan təəssüratlar formalaşır.
Azərbaycanın incisi, Qarabağın ürəyi olan Şuşa şəhəri istiqamətdə mövcud olan təbiət gözəllikləri ilə yanaşı, bədnam ermənilərin bu torpaqları işğal altında saxladıqları 30 ilə yaxın bir müddətdə törətdikləri bütün qeyri-insani hərəkətlərin nəticəsini görən hər bir səyahətçi məhz bu hislərlə evinə qayıdırlar.
Xüsusən, Naxçıvandan başlayaraq Zəngəzurdan keçməklə və Arazboyunca Zəngilan, Cəbrayıl və Fizuli rayonlarının işğal altında qalaraq erməni vəhşiliyinə düçar olmuş ərazilərini görən insanlar daha sonra Əhmədbəyli yaşayış məntəqəsindən başlayaraq Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarından keçən Zəfər Yolu boyunca Şuşa şəhərinə qədər təxminən 100 kilometrilik güzərgahın az qala hər metrində bu cür sarsıntılı hislər yaşayırlar. Əslən Qarabağdan olan, uşaq və gənclik illəri burada keçmiş insanların 30 ildən sonra doğma torpaqları görmək üçün səbirsizliklə yola çıxdığı Şuşa marşutu nə qədər həyəcanlıdırsa da ömründə bu torpaqları heç görməmiş, keçmişdə burada mövcud olmuş inkişaf, zəngin təbii və tarixi-mədəni gözəlliklər haqda yalnız tarix kitablarından oxumuş insanlar üçün də erməni vandalıizminin izlərini görmək bir o qədər də sarsıdıcıdır. Bu vəşhilyin izləri zombi filmlərindəki qorxu səhnələri qədər ürəyi zəif insanlar üçün sözün əsl mənasında tükürpədicidir.
Amma bununla yanaşı, gözəl Vətənimizin bu dilbər guşəsində səyahət etmək hər bir insanın, xüsusən ürəyi Azərbaycan, Can Azərbaycan eşqi ilə yanan hər bir vətənpərvər türk övladının qədbində ən yaddaqalan hislər yaradır. Zəfər Yoluna çatmamış, yəni düşmən işğalıdan azad olunmuş ilk yaşayış məntəqələrindən olan Alıxanlı kəndindək hər yerdə yast gəlinən yüksək sosial-iqtisadi inkişaf, gülərüz insanların həyat tərzi, abadlaşan kənd və şəhərlər, əslində, Qarabağın keçmişi barədə də insanda kifayət qədər təsəvvür yaradır. Ancaq cəmi iki-üç kilometr keçəndən sonra, yəni 2020-ci ilin 27 sentyabrınadək mövcud olmuş qoşunlarn təmas xətti və Şanlı Azərbaycan Ordusunun bir həmləsi ilə yarılmıış dırnaqarası Ohanyan səddi arxada qalandan sonra sanki dəhşətli vulkan küllərinin altında qalmış Pompeyi, yaxud atom bombasının partlayışından sonrakı Xirosimanı xatırladan bir mənzərə göz önünə açılır. Bir zamanlar, yəni 1990-cı illərə qədər abad, əkilib, becərilən olmuş torpaqlardakı geniş üzüm bağları izlərini xatıradan beton dirəklər “meşəsi”ni gördükdə erməni quldurluğu haqqında təsəvvürlər real olaraq göz önünə çıxır. Fizuli şəhərinə çatana qədərki yolda və şəhərin özündə olan belə dağıntılarda diqqəti cəlb edən məqamlardan biri bütün qəsb olunmuş evlərin ya tamamən sökülmüş, ya da divarların künclərini “erməni səliqəsi” ilə yox edilməsidir. Bu mənada, fikrimizcə, özlərini dünyanın ən məzlum toplusu kimi qələmə verib, şivən qoparan hay sürüsünün dağıtdığı Azərbaycan kəndlərindəki evlərin künc daşlarına qədər tamah salması faktlarının turistlərə çatdırılması məsələləri gələcəkdə turizm araşdırmaçıların əsas tədqiqat predmetlərindən biri olacaqdır.
Naxçıvandan gələn turistlərin Zəfər Yolu ilə Şuşaya çatması təxminən 12-13 saata başa gəlir. Naxçıvandan Bakıya uçuş və Bakı-Şuşa avtobusları ilə 400 kilometrlik yolu gediş-dönüşü ilə nəzərə aldıqda bu müddət çox da uzun görünməməlidir. Ancaq, gələcəkdə Zəngəzur koridoru açıldıqdan sonra bu müddət təxminən 6-7 saata qədər azala bilər. Belə ki, turistlər üçün Qərbi Zəngəzurdan keçdikdən sonra Ağbənd-Zəngilan Beynəlxalq Hava Limanı-Fizuli marşrutu üzrə Şuşaya çatmaq daha qısa müddətə başa gələcəkdir. Qeyd edək ki, gələcəkdə Şuşaya çatmaq üçün alternativ marşrut kimi Zəngilan-Qubadlı-Laçın-Turşsu marşrutundan da istifadə oluna biləcək. Ancaq istənilən halda, bu koridor boyunca Naxçıvandan başlayaraq keçən bütün yollardakı zəruri dayanacaqları da nəzərə alsaq bu müddət nisbi olaraq dəyişilə bilər.
Bütün yol boyunca aparılan təqdimatlarda isə 44 günlük Vətən Müharibəsində Şanlı Azərbaycan Ordusunun qəhrəmanlıq dastanını özündə yaşadan hər bir yüksəkliyin, daşın, ağacın hekayəsi ilə tanış olmaq mümkündür. Ayrıca olaraq Zəfər Yolunda iz qoymuş qəhrəman əsgərlərimiz qədər, Böyük Qələbədən sonra bir ildən də az olan qısa bir müddətdə bu yolu inşa etmiş ölkəmizin iqtisadi gücü haqqında da gözəl təsəvvür yaranlır. Əgər marşrut boyunca səyahət yoldaşlarınızdan işğaldan qabaq bu bölgədə yaşamış insanlar da vardırsa, bu, turistlər üçün “dünən və bu gün” körpüsündə daha dərin təsəvvür əldə etmək və müxtəlif analizlər aparmaq baxımından əla fürsət olacaqdır. Ona görə də Şuşa turunda turun bələdçisi və sürücüsünün fikirləri qədər iştirak edən hər bir turistin də qiymətli düşüncələrinin olduğunu qeyd etmək olar.
Marşrut boyunca turistlər bələdçinin Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının rayonları ərazisində mövcud olan tarixi məkanlar, qədim Azıx mağarası, həmçinin yeni inşa olunmuş Fizuli Beynəlxalq Hava Limanı, buradan keçən yüksək gərginlikli enerji infrastrukturu, tunellər, viaduklar və müxtəliftəyinatlı digər yeni tikililər barədə məlumatlarını maraqla dinləyirlər. Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi və Daşaltı kəndindən keçərək Şuşaya yaxınlaşdıqca hər kəsin təsəvvüründə 44 gün ərzində belə çətin reylef şərtlərində düşməni əzə-əzə keçməyin nə qədər çətin, amma bu qədər də fərəhverici olması barədə hislər yaranır.
Dünyanı heyrətə salıb qəhrəmanlıq göstərən Şuşa fatehlərinin açdığı Zəfər Yolu ilə irəlilədikcə turistlər keçilməz kimi görünən yüksəkliklərin və sərt yamacların Vətən sevgisi qarşısında necə zəif qaldığına bir daha şahid olurlar. Şuşaya yaxınlaşdıqca sol tərəfdə Şuşa və Turşsu arasında yerləşən Böyük Kirs zirvəsi Qarabağın ən önəmli strateji nöqtələrindən biri kimi uzaqdan diqqəti cəlb edir. Deyilənə görə Xan qızı Natəvan bu dağdan Şuşa şəhərinə saxsı borularla su çəkdiribmiş. Artıq Daşaltının görünməsi ilə turistlər bir anda Şuşa cazibəsinin sehri altına düşürlər.
Daşaltı Şuşaya çatmamış bu marşrutun ən cəzibədar elementlərindən biridir. Şuşanın cənubunda, Cıdır Düzündən aşağıda yerləşən Daşaltı çayının sahilində yerləşən eyniadlı kənd sirlərlə doludur. Daşaltı Şuşanın təbii qalasının — nəhəng qayalığın altında yerləşdiyindən belə adlanır.
Deyilənə görə, Cıdır düzündən Daşaltı çayının sahilinə “Qırx pilləkən” enir. Orada böyük Daşaltı mağarasının bir hissəsi olan “Xəzinə-qala” da var. Yaxın keçmişdə isə Daşaltı kəndi hələ Birinci Qarabağ müharibəsi dövründə burada aparılmış qanlı hərbi əməliyyatlarla yadda qalmışdır.
44 günlük Şanlı Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması ilə Daşaltı şəhidlərimizin də qisasının alınması Şuşa yolunda irəliləyən turistləri həyəcanlandıran ən qabarıq hislərdəndir. Buna görə də Şuşaya çatmamış Daşaltı kəndinin qeyri-adi mənzərəsi, burada yaşamış olan insanların tarixi və mədəniyyəti ilə bərabər, torpaqlarının azadlığı üçün ölümə meydan oxuyan Şanlı Azərbaycan əsgərinin qəhrəmanlıq hekayəsi maraqla dinlənilir. Turistləri daşıyan nəqliyyat vasitəsi Daşaltı dolayları ilə qalxdıqca bu məlumatların çatdırılması üçün əla fürsətlər yaranır.
Şuşa şəhəri marşrutun son nöqtəsi, ən cazibədar turizm destinasiyasıdır.
“Şuşa” demək, Vətənin alınmaz qalası, Qarabağın incisi, bütün dünya azərbaycanlılarının otuz illik həsrətinin sona çatdığı yer deməkdir. Odur ki, Şuşaya, Xarı bülbülün məskəninə ilk ayaq basdıqda insanın ürəyində Cıdır düzünün sərt yamaclarından quşbaxışı görünən dərin Daşaltı çayından başlayaraq qarşıdakı Kəlbəcər dağlarına və Xankəndini qucaqlayan zirvələrdək hər yerdə süzən azad qartalların məskənində yaşamaq hisləri baş qaldırır. Şuşanı fəth edib, Qarabağın sahibi olmaq kimi belə ülvi hisləri insanda yaşadan əziz Şəhidlərimizin ruhları qarşısında bir daha baş əymək, onlara sonsuz minnətdarlığımızı bildirmək üçün bu zirvələrə qalxmaq hər bir azərbaycanlının çatmaq istədiyi bir arzudur. Bu mənada, Mədəniyyət paytaxtımız Şuşa ilə tanışlıq hər bir insanın yaddaşında uzun illər boyu unuda bilməyəcəyi dərin təəssüratlar yaradır.
Cıdır düzündə doyunca gəzib-dolaşan turistlər buradan ətrafa açılan təbii gözəllikləri foto yaddaşlara köçürdükdən sonra onları qarşıda Şuşanın tarixi-mədəni zənginlikləri ilə maraqlı tanışlıqlar gözləyir. Bu mənada, Şuşaya gəlmiş turistlər çox şanslıdırlar. Bir-birindən çox da uzaqda olmayan bu zənginliklər təbiət, tarix və mədəniyyət harmoniyasında insanların mənəvi aləminin və ümumi dünyagörüşünün daha da dərinləşdirilməsində çox faydalıdır.
Şuşa dünyanın unkal şəhərlərindən biridir. Belə ki, dəniz səviyyəsindən təxminən 1400 metr yüksəklikdə yerəşən Şuşada 17 məhəllə, 17 hamam, 17 bulaq, 17 məscid vardır. Şuşa tarixi mərkəz kimi Qarabağ xanlığının həyatında mühüm rola malik olub. Hələ o vaxtlar Şuşanın gümüşdən açarları və öz pul vahidi olmuş, burada gümüş pullar zərb edilmişdi.
Şuşaya gəlmiş turistlər bilməlidirlər ki, istər Qarabağ xanlığı dövründə, istərsə də sonrakı dövrlərdə Şuşa qalası istər rus, istərsə də erməni işğalçılarına qarşı inadla müqavimət göstərib və bu gün xalqımızın maddi və mədəni sərvətlərinin mühafizə olunduğu etibarlı yaddaşa çevrilib. Bu yaddaş Qarabağ torpağının yetirmələri olan onlarla sayda tanınmış şəxsiyyətlər, elm, mədəniyyət və incəsənət xadimləri, generallar, memar və mühəndislərin həyat və fəalyyəti, onların xidmətləri ilə sənədləşdirilib, tarix səhifələrinə köçürülüb. Odur ki, Şuşaya səfər etmiş turistlər burada Şuşa mağarası, Cıdır düzü, Topxana, Qala divarları və Qala qapısı, zindanlar, karvansaralar, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Hacıquluların, Zöhrabbəyovların, Mehmandarovların, Xanbikə xanımın, Əsəd bəyin malikanələri, İsa bulağı, Xan qızının evi və bulağını ziyarət edərək öz təəssüratlarını dərinləşdirə bilərlər. Şuşada olarkən turistlər Vaqifin məqbərəsini ziyarət edə, 1992-ci ildə şəhərin işğalı zamanı vandalizmə məruz qalmış Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstlərinə yaxından baxa bilərlər. Hazırda turistlər Şuşada olarkən qala divarlarının fonunda fotoşəkil çəkdirib, şəhərin panoraması ilə tanış olmaqla asudə vaxtlarını daha mənalı keçirə bilirlər. Ayrıca olaraq, azad Şuşaya səyahətdən qayıdarkən turistlər hədiyyə olaraq Xan qızı Natəvanın bulağından bir içim su və Daşaltıdan biri neçə qaya parçası da götürməklə təəssüratlarını doğmaları ilə bölüşə bilərlər. Beləcə, Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutu üzrə səyahət edən turistlər günün sonunda doğma Qarabağ torpağında yeni bir gündə insanları salamlamaq üçün qüruba yollanan Günəşlə vidalaşıb, qrup üzvlərindən də təzə dostlar qazanırlar. Qarşıda isə bu insanları Qarabağa Böyük Qayıdış gözləyir.
Ulu öndər Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz” demişdir.
Bu gün isə bütün Azərbaycanın dilində bir şüar vardır: “Şuşa bizimdir, Qarabağ Azərbaycandır!”.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Böyük Qələbə münasibətilə verdiyi “Əziz Şuşa, biz qayıtmışıq!” müjdəsindən sonra yaranmış yeni reallıq isə addım-addım bizi tarixi torpaqlarımız Zəngəzura da qayıdacağımız günə yaxınlaşdırır. Həmin gün Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutu hər kəsin ən rahat güzərgahı olacaq.
Mia.az