Bakı Caz Festivalı başlayır.

Mia.az Mədəniyyət Nazirliyinə istinadla bildirir ki, festival noyabrın 15-də başlayır və noyabrın 20-dək davam edəcək. Yenilənmiş proqram tanınmış xarici ifaçıların, dünya caz ulduzlarının adları ilə seçilir.

Bu, ilk növbədə, Grammy mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maretdir. Noyabrın 15-də “Bakı Caz Festivalı – 2022” çərçivəsində Qreqori Maret Azərbaycan musiqiçiləri ilə birgə çıxış edəcək. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edəcək.

Noyabrın 16-da braziliyalı musiqiçi Eloiza Lourenso maraqlı proqramla çıxış edəcək, daha sonra festival günləri hollandiyalı virtuoz pianoçu Mayk Del Ferronun, İsrailin Yogef Şetrit qrupunun, alman eksperimental caz vokalçısı Mixael Şifelin qrupunun konsertləri ilə davam edəcək. “Bakı Caz Festivalı – 2022”-nin proqramını əfsanəvi Kenni Uilerin yeni “Sweet Time Suite” tamaşasının solisti seçilmiş gitaraçı Federiko Kasaqrande və truba ifaçısı Fulvio Siqurtanın italyan dueti bağlayacaq.

Noyabrın 17-də gənc caz ifaçıları üçün illik “I am Jazzman” müsabiqəsinin ikinci turu, noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması və “Ekalogic”in yekun konserti keçiriləcək.

Bakı Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Noyabrın 17-də QGallery-də “Dancing Jazz” sərgisinin açılışı nəzərdə tutulub.

Növbəti maraqlı tədbir “YARAT” Yaradıcılıq Mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı olacaq.

Festival haqqında ətraflı məlumatı bakujazzfestival.com saytından əldə etmək mümkündür.