Daxili İşlər Nazirliyi Cəbrayıl rayonunda baş vermiş mina partlayışı ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Mia.az-a daxil olan məlumatda deyilir: "Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində mina partlayışı qeydə alınıb. Müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu piyada əleyhinə minaya düşüb. Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyə edilməklə xəstəxanaya çatdırılıb.
Araşdırmalar davam etdirilir".
***
Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.