"Oktyabrın 12-də kəndimizdə keçirilən toyda döyülən müğənni Nurlan Əliyevdir. O, Ərəbqubalı kəndindən deyil. Nurlan Füzuli rayonundan olan məcburi köçkündür, vaxtilə ailəsi ilə birlikdə Sabirabad rayonunda məskunlaşıblar. Hazırda isə Horadiz şəhərində yaşayır".
Mia.az xəbər verir ki, bunu Publika.az-a Kürdəmir rayonunun Ərəbqubalı kəndinin bələdiyyəsi Haqverdi Sadıqov deyib.
"Kürdəmirdə son günlər çox toy olur. Günlər üst-üstə düşdüyü üçün kənar yerlərdən müğənni çağırırıq. Bizim kəndimiz də Sabirabadın 20 kilometrliyində yerləşir. Toy sahibi də Nurlanı o vaxtdan tanıyır, ona görə də onu dəvət ediblər. Dünən hadisə ilə maraqlandım, amma müğənninin vəziyyətinin necə olduğundan dəqiq məlumatım yoxdur", - H.Sadıqov bildirib.
Xatırladaq ki, Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.
Hazırda araşdırma aparılır.