Zaqatalada yanğınların söndürülməsinə 3 ədəd helikopter cəlb edilib.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla biildirir ki, rayonun Yuxarı Tala kəndi, Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Başdaşağıl kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir. Yanğınların söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər iştirak edir.

Qeyd edək ki, bütün göstərilən yanğınlar mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə baş verib.

***

Zaqatala rayonu Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğın artıq tam nəzarət altına alınıb, hazırda ərazidə soyutma işləri aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən tədbirlər görülür.

Nazirlik rəsmisinin sözlərinə görə, yanğın baş vermiş ərazilərə ETSN-in bütün yerli qurumlarının 300-dən artıq əməkdaşı səfərbər olunub.