Ələsgər MƏMMƏDLİ
***
ARB televiziyasında özünü “aparıcı” adlandıran şəxs Afşin Azəri adlı gənc müğənini canlı efirdə qəsdən aşağılayıb, nüfuzdan salmaq məqsədi ilə təhqiramiz və tərbiyədən uzaq davranışa məruz qoyaraq, efirdən qovub.
Bu hərəkət həm hüquqi baxımdan həm də etik baxımdan ciddi pozuntudur.
Hüquqi baxımdan pozuntudur, ona görə ki, çıçəyi burnunda Media Qanunun 14-cü maddəsinin 1.7-ci bəndi bütün yayımçıların o cümlədən audiovizual yayımçıların heç kimin şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli olduğunu bildirir.
Həmin Qanunun 39.1.3. maddəsində isə bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilir. Yəni sadəcə “aparıcının” məsuliyyəti yox, həm də onun efirə buraxan ARB televiziyasının məsuliyyəti vurğulanır.
Bundan sonra qanunun tələblərinə nəzarət baxımından hüquqi tələblər ortaya çıxır. Media Qanunun 47.1.5. maddəsi audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək öhdəliyini Audiovizual Şuranın boynuna qoyub. Yəni, 14-cü maddənin 1.7-ci bəndindəki tələbə əməl olunmasına nəzarət Audiovizual Şuranın vəzifəsidir.
Bununla da məsuliyyət daşıyan qurumların çərçivəsi bitmir. Sonrakı məsuliyyət MEDİA Agentliyinə yüklənib. Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə 14.1-ci maddənin tələblərinin pozulmasına (yəni özünə “məşhur aparıcı” deyən şəxsin yol verdiyi hərəkətlərə) görə MEDİA Agentliyi il ərzində 3 (üç) dəfə xəbərdarlıq edtdikdən sonra həmin pozuntuları yayımçı təkrar törətdikdə onu Media Reyestrindən çıxarır.
Deməli, bu hadisəyə görə Agentlik də rəsmi xəbərdarlıq etməlidir. (Media Reyestrinin yaradılmasına start verilməsi ləngisə də qanunun pozuntusu faktı qeydə alınmalıdır, çünki, qanun qüvvədədir)
Məsələnin etik tərəfinə gəldikdə, Mətbuat Şurasının 2003-cü ildə qəbul etdiyi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 3.1 maddəsi jurnalistə adamları… yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır. Halbuki, efirdə “aparıcı” məhz etikadan kənar hərəkət və danışıqları bu konteksdə başlayır.
Peşə Davranışı Qaydalarının 3.2. maddəsində isə etik tələb budur ki, jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır.
Göründüyü kimi, həm hüquqi həm etik məsuliyyət mövcuddur. Qurumlar öz funkiyasını ya özündə cürət və məsuliyyət tapıb icra etməli, ya da qorxaqlıqlarını susqunluqları ilə təsdiq etməlidir. Buyurun, top sizdədir!
Mia.az