Yasamalın icra başçısı İbrahim Mehdiyevin daha bir sərəncamı narazılıq doğurub. Bunu Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin yaydığı rəsmi məlumatda yer alan faktlar da təsdiqləyir.
Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 14 saylı
binanın sakinləri tərəfindən çoxillik ağacların kəsilməsi ilə əlaqədar daxil
olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə
yerində araşdırılıb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, sözügedən əraziyə baxış keçirilən
zaman diametri 38-40 sm olan 10 ədəd şam ağacının gecə saatlarında kəsilməsi
faktı aşkar olunub və təqsirkarlar müəyyənləşdirilib: «Ağacların qanunsuz
kəsilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər
Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən İnzibati
Xətalar Məcəlləsinin 92.2 maddəsinə görə protokol tərtib olunaraq Bakı Şəhər
Yaşıllaşdırma Təssərrüfatı Birliyi hüquqi şəxs qismində 40000 manat məbləğində
cərimə edilib.
Eyni zamanda, sözügedən ərazidə yeni
yaşıllıqların salınaraq mühafizə olunması və onlara qulluq göstərilməsi üçün
Bakı Şəhər Yaşıllaşdırma Təssərrüfatı Birliyinə icrası məcburi olan göstəriş
verilib. Müvafiq olaraq sözügedən əraziyə sərəncam vermiş Yasamal Rayon İcra
Hakimiyyətinə də məktubla müraciət olunub. Məktubda xatırladılıb ki, müvafiq
icra hakimiyyəti orqanları tərəfindən torpaq ayrılması ilə bağlı sərəncam
verilərkən həmin sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42 saylı
qərarının tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla, o cümlədən aparılacaq
tikinti-quraşdırma və ya abadlıq işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyi,
ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə isə ETSN ilə
razılaşdırılmalıdır. Yəni, mütəxəssislər tərəfindən həmin yerdəki ağaclar
təftiş olunaraq hansıların yaşının ötmüş, inkişafının dayanmış olduğu
müəyyənləşdirilməli, sağlam ağaclar digər yerlərə köçürülməli, tikinti
aparılacaqsa tikintinin yanında saxlanılması üçün müvafiq göstərişlər və rəylər
bildirilməli idi. Əgər bu razılaşdırma prosesi olsaydı, sözügedən ərazidə bu
hal baş verməzdi».
Göründüyü kimi, nazirlik açıq şəkildə İbrahim Mehdiyevi özbaşına, yəni müvafiq nazirliklərlə razılaşdırılmamış sərəncamlar verməklə, növbəti problem yaratmaqla ittiham edib.
Xatırladaq ki, bir müddət əvvəl eyni addımı Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
da atmışdı. O, İbrahim Mehdiyevin Mətbuat prospektində bir ərazi üzrə sərəncamının icrasını nəinki dayandırmış, hətta meriyanın işçilərini tökərək orada aparılan qanunsuz tiklini sökdürməklə abadlıq işi həyata keçirmişdi. Üstəlik, Abutalıbov
ərazidə iki görünən yerə «Zəbt olunmuş ərazi Bakı Şəhər İcra Hakimiyyət
tərəfindən təmizlənmiş və abadlaşdırılmışdır» xəbərdarlıq lövhəsi də vurdurmuşdur.
Görünür, Yasamalın icra başçısı İbrahim Mehdiyev bunlardan ibrət götürməyib.