Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad, Gəncə və Sumqayıt dövlət universitetlərinin rektorları ilə bərabər, bir çox kollec direktorlarını özünə yaxın kadrlarla əvəzləsə də, hələ ki bu istiqamətdə planlarını tam bitmiş saymır. 

Mia.az-a daxil olan məlumata görə, sözügedən hər üç universitetdə yeni rektorların təyinatları birbaşa Mikayıl Cabbarovun təqdimat və istəyi üzrə həyata keçirilib: «Mikayıl Cabbarov «Narxoz»un rektoru, deputat Şəmsəddin Hacıyevlə Nadir Qəhrəmanovu və kollec direktorlarını birbaşa «korrupsiya silahı» ilə zərərsizləşdirsə də, Gəncə Dövlət Universitetində daha maraqlı prosesin yaşanmasına rəvac verdi. O, rüşvətin kökünü kəsəcəyini amaclayan Yadigar Əliyevi zərərsizləşdirmək və müavini Ceyhun Bayramovun xahişini təmin etmək üçün Gəncə Dövlət Universitetinin hazırkı rektoru Yusif Yusifovun təşkil etdiyi çaxnaşmaya açıq şəkildə dəstək də verdilər. Nəticə etibarı ilə Ceyhun Bayramovun maliyyə nazirinin 1-ci müavini işləyən qardaşı Azər Bayramovun xahişi üzrə Yusif Yusifovun təyinatı rəsmiləşdi. Bununla da yeni rektorun Maliyyə Nazirliyində Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi işləyən qardaşı Cavanşir Yusifovun qardaşı Yusif Yusifov da arzusuna qovuşdu. Amma bu o demək deyil ki, Mikayıl Cabbarov bununla illərdir rektor olan elm adamlarına qarşı «yürüş»ü dayandırdı. O, hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanı, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədovu, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun da dəyişdirilməsi üçün çox çalışır. Lakin ilk əvvəl Abel Məhərrəmova qarşı tətbiq etdiyi plan fiaskoya uğradığından nazir Mikayıl Cabbarovun məqsədini açıq şəkildə büruzə verməsinə mane oldu». 

Məlumatlı şəxs deyir ki, nazir Mikayıl Cabbarov deputat Şəmsəddin Hacıyevin rektor vəzifəsindən uzaqlaşdırılması zamanı Abel Məhərrəmovun da barəsində təqdimat verib: «Lakin Şəmsəddin Hacıyevdən fərqli olaraq, Abel Məhərrəmovun sərəncamı oxunmadı. Ona xəbərdarlıq edilməklə, işində dönüş yaradılması tapşırıldı.  Bu isə Mikayıl Cabbarov və onun nazirlikdəki komandasında müəyyən xəyal qırıqlığı yaradıb. Lakin bu o demək deyil ki, nazir və ətrafı bu planı təxirə salıblar». 

Müsahibimiz deyir ki, yaxınlarda Mikayıl Cabbarov Misir Mərdanovun dövründən rektor olanlara qaşı yeni həmləsini edəcək: «O zaman Abel Məhərrəmov, Gülçöhrə Məmmədova, Havar Məmmədovun necə duruş gətirəcəyi də maraqlı olacaq».