Azərbaycan Respublikası Audiovizual Şurası televiziya yayımçılarına xəbərdarlıq edib.
Mia.az Şuraya istinadla xəbər verir ki, bu barədə məlumatda deyilir:
"Aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınmışdır. Həmin proqramlarda belə situasiyalar əvvəllər nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter almırdı.
Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların intensivləşməsi və sistematik hala çevrilməsi baş verir. Azərbaycan Respublikası Audiovizual Şurası yayımçıların diqqətinə çatdırır ki, proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaqdır".