Əli Cabbarov
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Rusiya-Ukrayna müharibəsinin günahsız qurbanlarının xatirəsinə
***
Bir gün mütləq bir şəkildə hamının tərk edəcəyi bu gözəl dünyada yeni bir müharibə alovlandı: Rusiya-Ukrayna müharibəsi! Üzərindən cəmi 7 gün keçsə də bəlkə də tarixin indiyə qədərki ən dəhşətli qardaş qırğını olan bu müharibədə də yenə günahsız insanlar qətl edilir, təbiətin və bəşəriyyətin yaratdığı gözəlliklər məhv olur.
Tarixdəki bütün müharibələr gec-tez ədalətlə sona çatmış, işğalçılar layiqli cəzasını almış, xalqlar yenidən bir-birinin mədəniyyətini paylaşmış, geridə qalanlar isə anaların ah-naləsi, günahsız körpələrin göz yaşları, şirin həyatının astanasındakı gənclərin yarmçıq qalmış arzuları və bir də savaş qurbanlarının xatirəsinə ucaldılmış abidələr olmuşdur. Müharibələri yaradan səbəblər, onların acı nəticələri nə qədər öyrədilsə də, uşaqlara lap kiçik yaşlarından onun qorxu və fəlakətləri anlatılsa da, təəssüf ki, şeytanın yuva saldığı beyinlər bu kabusu hələ də yaşatmaqdadır.
Müharibə kabusunu bəlkə də ən çox yaşayan xalqımız, Azərbaycan Respublikası vətəndaşlarıdır. Hələ ötən əsrdə yaşadığımız iki dünya müharibəsindən başqa, az qala yüz ildən çox müddətdə terror və bəd əməllərlə insanları qorxuya salmış erməni faşizmi də tarixin bütün dövrlərində qanlı əməlləri ilə azərbaycanlıları qətl edib, xalqımıza qarşı elan olunmamış müharibələr aparmışdır. Ona görə də dünyanın harasında olursa olsun bir münaqişə ocağı baş verib, qan töküləndə dərhal öz şəhidlərmiz, Qarabağın işğalından sonra 30 il qaçqın, köçkün vəziyyətdə yaşamış soydaşlarımızın göz yaşardan mərhumiyyətləri yada düşür. Bütün müharibələrin bir an öncə bitməsi üçün dua etdiyimiz bir dövrdə tarixən sıx iqtisadi-mədəni əlaqələrimiz olmuş iki slavyan xalqın müharibəsi də sözün əsl mənasında hər iki tərəf üçün bir faciə olmaqla bizi də ciddi şəkildə narahat edir.
Müasir internet dövründə Rusiya-Ukrayna müharibəsinin istər arxazəminindəki prosesləri, istər müharibəyə qədərki ara qızışdaranları, istərsə də onun baş verməməsi üçün can-başla səy göstərənləri indi bütün dünya yaxşı bilir. Ancaq bu müharibədə elə bilinməyənlər vardır ki, onları yalnız və yalnız bomba sığınacağnda oturub, sabaha sağ çıxmağı gözləyənlər, ətraf aləmlə əlaqəsi kəsilib kiminsə öldü-qaldısından xəbəri belə olmayanlar, qürbətdəki övladından, yaxınından xəbər ala bilməyib evinin içində az qala dəli olanlar, ərzaq, su ehtiyatı qurtarıb ağlayan körpəsini nə ilə ovunduracağını bilməyənlər, bombalardan dağılmış evini, oxuduğu məktəbi görüb göz yaşı tökənlər, əsir götürlmüş övladının videosuna internetdə rast gəlib şok olanlar bilərlər. Bütün belə bilinməyənlər isə ard-arda gələn xəbərlər, rəsmi açıqlamalar və sosial şəbəkə paylaşımları ilə bölüşüb çoxaldıqca gözümüzün qarşısında real bir mənzərə yaranır. Müharibə!
Ukrayna gözəl ölkədir. Hətta köhnə tarix kitablarındakı IX əsr Kiyev rus dövləti haqda yazıldığından da artıq dərəcədə qeyri-adi təbiəti, bərəkətli torpaqları, çalışqan insanları, mədəniyyəti və elmi ilə bu gözəl ölkədə yaşayanlara çoxları qibtə ilə yanaşmışdır. Bizdən yaşlı və bizim nəslin insanları, yaxud bu ölkə ilə uzaqdan, yaxından tanış olanlar söhbət Ukraynadan düşəndə Azərbaycanla da yaxın tarixi
dostluğu olan son dərəcə tolerant insanların yaşadığı ərazini başa düşürlər. Çox varlı olmasalar da kimsənin malında, torpağında gözü olmayan ukraynalılar təhsil, idman, mədəniyyət, turizm kimi sahələrdə yüksək etimad toplamaqla bu günkü kimi dünyanın da simpatiyasını qazanmışlar. Xülasə, bəlkə, gözəl olmağın cazibəsidir ki, bu gün keçmiş SSRİ-dən qopmuş, amma hələ də tam müstəqilliyinə qovuşa bilməmiş qardaş Ukrayna hələ də işğal, əzab və əziyyətlərdən qurtula bilmir. Gözəlin elçisinin çoxluğundandır, ya nədənsə sözdə ona heyranlığını gizlədə bilməyən, amma real təhlükə ilə üz-üzə qaldıqda yalnız mənəvi dəstək verənlərin əksinə olaraq bu gün Ukrayna xalqı qeyri-bərabər güc nisbətində döyüşə atılıb, torpağını qorumaqla bütün dünyanı heyran qoyub. “Bəyənsən də döz, bəyənməsən də, gözəlim!” - deyən işğalçı ordu komandirinin yuxusunu qaçıran vətənəpərvər Ukrayna xalqı inanlımaz dirənci ilə Qərbin də alçaq senarilərinin üstündən xətt çəkib, öz yolunu seçdi. Ya olum, ya da ölüm taktikası ilə dərin Ukrayna bataqlıqlarını, qalın Ukrayna meşələrini düşmənə məzar edən qəhrəman xalq bununla da öz seçdiyi liderinə inanıb onu ayaqda alqışlatdı. Beləiklə, nəticəsi nə olursa olsun, bu müharibə artıq indidən Avorpanın və eləcə də bütün dünyanın şəklini dəyişdi. Əgər 2020-ci ilin payızındakı Azərbaycanın işğalçı Ermənistana qarşı apardığı 44 günlük şanlı Vətən müharibəsi bütün Cənubi Qafqazda yeni reallıqlar yaratdısa, 2022-ci ilin 24 fevralında ABŞ-ın proqnozundan cəmi 1 həftə gec başlayan Rusiya-Ukrayna müharibəsi də bütün dünyada yeni reallıqlar yaratdı. Bu müharibə indiyə qədər böyük dövlətlərin siyasi gedişləri ilə pərdələnən güclərin hansının dən davası, hansının isə din davası apardığını üzə çıxardı. Bundan əlavə, ultradəqiq zərbələrlə vurulub metal yığınağına çevrilmiş hərbi texnikaların artıq zamanının çoxdan keçdiyini, iqtisadiyyatından böyük orduya sahib olmağın nə qədər biabırçı nəticələr doğurduğunu, Azərbaycanın da böyük müsbət təcrübəyə malik olduğu sınanmış xalq-dövlət-ordu tandeminin nə dəqər sağlam olduğunu bu müharibə ilə bütün dünya bir daha gördü. Müasir cəmiyyətin bütün sahələrinə, iqtisadiyyata, sosial və mədəni həyata damğasını vurmuş internet isə bu müharibədə üçünci bir tərəf kimi ağıllının və haqlının yanında oldu. İstər gerçək, istər saxta məlumatlar olsun insanlar üzərindəki ağıllı cihazlarla son xəbərləri paylaşıb ağılsız siyasətçilərə meydan oxudular. Sonda qazanan isə torpaq ehtirası ilə yanan ayı iştahlı işğalçıları lənətləyən insanlıq oldu. Ukraynada əsir düşən, bəlkə də günahsız olan ac rus əsgərini öz balası kimi yedizdirib, onu anası ilə telefonda görüşdürən, kövrəldikcə başını da sığallayan ukraynalı qadının insanlığı kimi. Üzündə məğrur olsa da içindəki göz yaşları ilə telefonda danışdığı Nataşanı, əsir əsgərin anasını da Allaha əmanət edən bu Ukrayna gözəli ölkəsini viran qoymuş müharibəni qızışdıran Solovyov, Simonyan, Skabayeva kimi iblislərə də unutmayacaqları bir insanlıq dərsi keçdi. Kim bilir, bəlkə də son dəfə, əgər o da artıq sağ deyilsə.
Son söz rus xalqınındır!
Mia.az