Xarkov şəhərində rus desantları ilə Ukrayna döyüşçüləri arasında şiddətli döyüş gedir.

Mia.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya desantları Xarkova enib: "İşğalçılar xəstəxanaya - Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. İşğalçılarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb". 

Bu arada Xarkov vilayətinin Kupyansk şəhərində martın 1-də şəhərin Rusiya qoşunları tərəfindən işğalına qarşı keçirilən mitinqdə şəhər şurasının deputatı Nikolay Masliy yoxa çıxıb.

Etirazçıların sözlərinə görə, Rusiya hərbçiləri əvvəlcə deputatı danışıq üçün kənara çağırıblar. Sonra atəş açmağa başlayıblar və tüstülü mərmi atıblar. Bundan sonra Masliyi heç kim görməyib.

Onun yerini tapmaq üçün edilən bütün cəhdlər uğursuz olub.

***

“Gün ərzində Xarkov vilayətində 21 nəfər həlak olub, 112 nəfər yaralanıb”.

Bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov sosial şəbəkələrdə paylaşım edib.

O, həmçinin düşmənin bütün diversiya-kəşfiyyat qruplarının məhv edildiyini bildirib: “Düşmən təyyarəsi məhv edilib, pilot katapult etdikdən sonra özünü güllələyib”.

Onun sözlərinə görə, gecə saatlarında düşmən "Su-25" təyyarələri ilə Ukrayna Silahlı Qüvvələrinin Çuquyevada yerləşən mövqelərini, həmçinin Xarkov şəhərini bombardman edib: “Aviahücum nəticəsində meydana gəlmiş yanğın ocaqları aradan qaldırılır, mərmilər zərərsizləşdirilir”.