"Rusiya ordusu Ukraynada qarşısına qoyulan məqsədə çatanadək xüsusi əməliyyatları davam etdirəcək”.
Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 1-də keçirdiyi mətbuat konfransında bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə jurnalistlərə açıqlamasında Ukraynanı nüvə silahı əldə etməkdə ittiham edib: “Öz nüvə silahlarını əldə etmək planlarına başlayan Kiyev hakimiyyəti beynəlxalq təhlükəsizliyi təhdid edir. Rusiya buna reaksiya verməyə bilməz. Biz bunun qarşısını almaq üçün bütün tədbirləri görürük”.
Lavrov əlavə edib ki, AUKUS (AUKUS 2021-ci il sentyabrın 15-də Avstraliya, Böyük Britaniya və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktıdır) nüvə silahının yayılmamasına mane olmur: "Bu qurum gərginlik yaradır və silahlanma yarışının yeni mərhələsi başlanır”
Nazir eyni zamanda, Rusiya ABŞ və onun müttəfiqlərini Avropada orta və qısa mənzilli raketlərin yerləşdirilməsinə moratoriuma qoşulmağa çağırıb: "Silahlanma yarışının qarşısını almaq üçün intensiv işlərə ehtiyac var. NATO-ya üzv dövlətlər bu prinsipə əməl etmək əvəzinə, Rusiyanı cilovlamaq üçün səylərini ikiqat artırırlar.
Kiyev rejiminin alyansın orbitinə daxil edilməsi, ona öldürücü silahlar verilməsi, habelə Rusiya sərhədləri yaxınlığında təxribat xarakterli hərbi təlimlər və digər məqamları qeyd etmək kifayətdir. Qərbli həmkarlar indiyədək Rusiyaya hüquqi qüvvəyə malik, uzunmüddətli təhlükəsizlik zəmanətləri verməyə hazır olduqlarını nümayiş etdirməyiblər.
Söhbət NATO-nun daha da genişlənməsindən, o cümlədən Ukrayna və Gürcüstanın alyansa üzv olmayacağına dair “Buxarest formulası”nın imtinasından gedir. Qərb ölkələri əvvəllər SSRİ-nin tərkibində olmuş və alyansın üzvü olmayan dövlətlərin ərazisində hərbi obyektlərin yaradılmasından imtina etməlidir".
Mia.az