Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.

Mia.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Vnukovo-2" Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

***

Fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar.

Bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, imzalanma Azərbaycan Prezidentinin Rusiyanın paytaxtı Moskva şəhərinə rəsmi səfəri çərçivəsində baş tutacaq.

İki ölkə liderlərinin görüşündə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, dövlət başçılarının görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il, 11 yanvar, habelə 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası məsələləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin bərpası məsələləri müzakirə olunacaq.