Xəbər verdiyimiz kimi, aparıcılığını Vüsalə Əlizadənin etdiyi "7 Canlı" verilişinin yayımı ötən gün yarımçıq kəsilib.

Məsələ ilə bağlı ATV kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Axşam.az-a açıqlama verib. O bildirib ki, budəfəki səbəb də texniki problem olub. 

Efir zamanı yaranan texniki problemə görə verilişin yarımçıq dayandırılmalı olduğu deyilib.

Qeyd edək ki, proqramın ötən gün yayımlanan buraxılışında Xalq artistləri Niyaməddin Musayev və Məleykə Əsədova qonaq olublar. Veriliş 1 saat 11 dəqiqədən sonra dayandırılıb. 

Bundan əvvəl də proqramın yayımı bir dəfə yarımçıq kəsilib. Həmin vaxt verilişdə Təranə Qumral, Musa Musayev, qızları Qumral və Sevgim yer alırdı. Onda da texniki problemə görə yayımın yarımçıq kəsildiyi, verilişin çəkildiyini və sonra efirə gedəcəyi bildirilmişdi. Amma sözügedən buraxılış sonra yayımlanmayıb.