Elxan ŞÜKÜRLÜ,
Ədalət Partiyasının sədr müavini
***
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla apardığı danışıqların gedişi barədə mətbuata məlumat verərkən, bizim üçün çox əhəmiyyətli və həm də geniş müzakirəyə səbəb olacaq mühüm bir detalı açıqlayıb. O deyib ki, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz etməyəcək.
Beləliklə, Paşinyanın bu açıqlamasından aydın olur ki, Rusiyanın vasitəçiliyi ilə aparılan sülh danışıqlarında əsas müzakirə mövzularından biri də həm Ermənistanı, həm də Azərbaycanı vahid iqtisadi məkanda birləşdirmək təşəbbüsüdür.
Əgər indiyədək Azərbaycan Qarabağ münaqişəsinin mövcudluğunu əsas gətirərək, Avrasiya İqtisadi İttifaqına qoşulmaqdan imtina və Ermənistan da rəsmi Bakının ittifaqa üzvlüyünə etiraz edirdisə, artıq münaqişənin həllindən sonra Rusiya tərəflərin bəhanələrini əllərindən almış olur.
Üstəlik, Ermənistanla Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı hazırda ciddi mübahisə predmeti sayılan gömrük və sərhəd nəzarəti problemlərinin daha asan həlli üçün də Rusiya hər iki tərəfin eyni ittifaqda olmasını üstünlük gətirən şərt kimi irəli sürə bilər. Çünki Avrasiya İqtisadi İttifaqına üzv ölkələr üçün güzəştli və vahid gömrük qaydaları müəyyənləşib. Hətta bu qaydaların cəlbediciliyi səbəbindən qonşu İran belə, öz məhsullarını daha əlverişli bazarlara çıxarmaq çün bu İttifaqa tamhüquqlu üzvlüyə can atır.
Elə qardaş Türkiyədə də Qərblə artan gərginliklər fonunda onları Çin, Rusiya, İran kimi bazarlara əlverişli çıxış imkanı verən Avrasiya İttifaqına qoşulmaq çağırışları ilbəil güclənir.
Əgər ABŞ prezidenti Bayden 2023-cü ilədək Ərdoğanı yıxa bilməsə və Türkiyədəki prezident seçkilərində Ərdoğan yenidən qalib gəlsə, böyük ehtimalla, Türkiyə də Avrasiya İttifaqında yer almaq istiqamətində real addımlat atacaq. Çünki Ərdoğanın təklif etdiyi və Azərbaycan prezidenti Əliyevin də dəstəklədiyi “3+3” formatı elə genişləndirilmiş Yeni Avrasiya İttifaqı deməkdir.
Görünür, prezident İlham Əliyevin Zəngəzur dəhlizinin işə düşməsi üçün Horadizdən Ermənistan sərhədinədək çəkiləcək dəmiryol xəttinin məhz 2023-cü ilin sonunda hazır olacağını elan etməsi də ABŞ-Türkiyə münasibətlərindəki qeyri-müəyyənliyin həmin vaxtadək tam aydınlaşdırılacağı gözləntisi ilə bağlıdır.
Mia.az