Gəncə
Dövlət Universitetində rektor postu uğrunda çox ciddi mübarizə başlayıb. Rektor Yadigar Əliyevin məcburi
istefa ərizəsi yazmağa məcbur edilməsindən
iki aya yaxın vaxt ötsə də, həmin universitetlə bağlı təyinatın ləngiməsi isə qarşı duran tərəfləri
daha da aqressivləşdirib.
Bu barədə Gəncə Dövlət Universitetindən adının çəkilməsini istəməyən müəllimi məlumat verib. Onun sözlərinə görə, hazırda universiteti rektor əvəzi kimi idarə edən Yusif Yusifov bütün gücü ilə rektor olmaq istəyir: "O, sabiq rektor Yadigar Əliyevin "torbasının tikilməsi”ndə baş rolu oynadı. Məqsəd isə Maliyyə Nazirliyində Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan qardaşı Cavanşir Yusifovun "əməyi”indən də istifadə etməklə, qeyri-rəsmi rektorluğunu rəsmiləşdirmək olub. Lakin Yadigar Əliyevin gedişindən iki ay ötsə də, Yusif Yusifov hələ də arzusuna çatmayıb. Bu isə universitetdə rektor postuna iddialı olanlardan bəzilərini
də həvəsləndirib”.
Məlumata görə, Yusif Yusifovla birgə 3 ay əvvəl sabiq rektorun müdafiəsinə
qalxan və bu məqsədlə etiraz müraciətinə
imza atan bir neçə professor da rektor olmaq istəyir: "Mətləbə keçmədən, deyim ki, Gəncə Dövlət Universitetində şəffaflığın təmin edilməsində rektor
Yadigar Əliyevin fəaliyyətini qabardan, onun pedaqoji kollektiv və
tələbələr tərəfindən alqışlanmasını təbliğ edən müraciətə
hazırkı prorektor və rektor əvəzi Yusif Yusifov imza atmayıb. Bu müraciət dolayısı ilə elə Yusif Yusifova qarşı yayıldığı da sirr deyildi. Çünki hamı bilirdi ki, o və rəhbərlik
etdiyi qruplaşma Yadigar Əliyevə qarşı "amansız döyüş” mövqeyi seçmişdilər. Nə isə. Sözüm odur ki, ötən ilin noyabrında
yayılan müraciətə başda imza atan bir neçə professor da rektor postuna iddialıdırlar.
Onların arasında tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun da, digərlərinin də adını çəkə bilərik. İddialıların
sayının artmasının isə rektor əvəzi Yusif Yusifovun yuxusunu ərşə çəkdiyini də sözlərimə
əlavə də bilərəm”.
Mənbə deyir ki, Gəncə
Dövlət Universitetinin möhürünü hələ Yadigar Əliyevin dövründən
ələ keçirən prorektor Yusif Yusifov Maliyyə Nazirliyinin xidmət rəisi olan qardaşı Cavanşir Yusifovun vasitəsiylə
maliyyə nazirinin müavini Azər Bayramovun dəstəyindən
yararlanmağa çalışır: «Bildiyiniz kimi, nazir Samir Şərifovun
1-ci müavini Azər Bayramovun kiçik qardaşı Ceyhun Bayramov təhsil naziri Mikayıl Cabbarovun
həm müavini, həm də gənclik dostudur. Yadigar Əliyevin "səssiz devrilməsi”
də elə Bayramov qardaşlarının xidməti sayəsində
müsbət sonunclanıb. İndisə Yusif Yusifov bu qardaşların "krişa”lığı ilə rektor postunda rəsmi oturmağa çalışır”.
Müsahibimiz
Yusif Yusifovun rektor təyinatı üçün ortada başqa oyunların da getdiyindən söz
açıb. Bu məlumatların arasında Maliyyə Nazirliyində xidmət rəisi postunu tutan Cavanşir
Yusifovun nələrdən keçməyə hazır olması ilə bağlı çox ilginc məsələlərdən də
söz açılır. Bu və ya digər məlumatlarla bağlı araşdırmalarımızı davam
etdirəcəyik("Reytinq" qəzeti).
Tərəflərin
mövqeyini də dinləməyə hazırıq.