Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meyitləri aşkarlanıb.
Məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.
DİN-dən "Report"a verilən məlumata görə, hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.
***
"Daşkəsən rayonunda itkin düşən şəxslərin axtarışları davam etdirilir".
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
O bildirib ki, bu gün səhər saatlarında Göygöl-Kəlbəcər rayonları arasında yerləşən ərazidə Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə, uşaqlardan birinin gödəkçəsi və at sümükləri tapılıb: “Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib. Həmin şəxslərin tapılması istiqamətində Göygöl-Kəlbəcər rayonları ərazisində intensiv axtarış işləri həyata keçirilir”.
Qeyd edək ki, bu ilin iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb