“Pandemiya dövründə tədrisin necə təşkil olunması ilə bağlı Səhiyyə Nazirliyinin qaydaları var”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, valideynlər hər gün övladları ilə söhbət etməlidirlər: “Övladının səhhətində problem olan valideyn onu məktəbə göndərməməlidir. Delta ştamının sürətlə yayıldığını nəzərə alaraq, ailədaxili yoluxma halları müşahidə oluna bilər. Odur ki, valideyn evdə övladının bədən hərarətini mütəmadi yoxlanılmalıdır”.

T.Eyvazov xatırladıb ki, bəzi uşaqlarda infeksiyaya yoluxduqdan sonra missiya sindromu yarana bilər: “Yoluxma halları uşaqlar arasında adətən ağırlaşma səbəb olmur. Məktəblərin açılması kütləviliyin olması deməkdir. Uşaqların yoluxmaması üçün bütün lazımi addımlar atılmalıdır”.

O bildirib ki, hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir: "Yoluxma sayında azalma müşahidə olunur”.

Təyyar Eyvazov deyib ki, sağalan insanların sayı yeni yoluxanları üstələyib: “Bu, xəstəxana yükünün azlamasında özünü göstərir. Bunlar müsbət dinamikadan xəbər verir. Yoluxmaların daha çoxu Bakı şəhərində olur. Əksər xəstəliklərin kəskin alovlanma dövründə peyvənd vurdurula bilməz. Xəstəlik idarəolunan səviyyəyə düşəndə vaksin vurula bilər. Təbii ki, insanlar həkimə müraciət edərək xəstəliyin hansı dövrdə olduğunu öyrənə bilərlər. Həkim məsləhətindən sonra peyvənd vurdurmaq olar”.