Ağcabədi rayonunda polislə vətəndaşlar arasında baş verən insindentə rayon Polis İdarəsinin rəisi Şamil Seyidli münasibət bildirib.
Polis rəisi "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə baş verən zaman avtomobilin sürücüsü yolun əks istiqamətində hərəkət edirmiş: "Bu zaman polis sürücünü saxlayıb. Sürücüdən sənədlərini və açarı təqdim etməsini istəyib. Sürücü etirazını bildirib. Bu zaman dava başlayıb. Yol polisinə yumruqla zərbə vurublar”.
Polis rəisi əlavə edib ki, hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.
***
11.30
Ağcabədi rayonunda polislə vətəndaşlar arasında insident baş verib. Lent.az-ın məlumatına görə, Ağcabədi rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin inspektoru, polis baş serjantı Mürsəl Məmmədov yol hərəkət qaydalarını pozmuş avtomobili cərimə meydançasına aparmaq istəyərkən zorakılıqla üzləşib. Avtomobilin açarlarını tələb edən yol polisinə sürücü və onun yaxın qohumu olan Orxan Abdullayev kobud şəkildə etiraz edib. Etiraz daha sonra davaya çevrilib.
Dava zamanı yol polisi Mürsəl Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Bu azmış kimi, onun forması və paqonları cırılıb. Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb. Orxan Abdullayev şübhəli şəxs qismində həbs edilib.