Model Səmra Hüseynova və aparıcı Səbinə Dilarə Kazımovanın “YouTube”da yayımlanan “Dəb elə mənəm” proqramında öpüşmələri sosial şəbəkələrdə tənqid atəşinə tutulub.
Verilişdən sonra model Səmra Hüseynova təəssüratlarını Moderator.az -a bölüşdü:
“Səbinə həm iş yoldaşım, həm də rəfiqəm olub. Ana balanın dodağından öpəndə nə anlama gəlirsə bizim öpüşməyimiz də o mənada baş verdi”.
Model onu qınayanların həyata baxış tərzlərinin kasad olduğunu vurğuladı: “Dünya görüşü olmayan insanlara reaksiyam yoxdur. Qozbeli ancaq qəbir düzəldər. Mən onların beyninə nəyisə yeritməklə, izah etməklə dəyişən deyillər. Onlar belə yaranıb, belə də gedəcəklər. Hər kəsin bir xasiyyəti, dünyagörüşü var. O insanlar boş-boş, mənasız rəylər verir ki, onlar uşaqlıqdan travma ilə böyüyüblər. Bir halda ki, oğlan uşaqlarını 13-15 yaşında xanımla tanış etmək və kişiliyə ilk addım atmaq üçün hamama aprırlar, o oğlanın həyata baxış tərzi də məhz bu cür olacaq. Belə bir prosesdən sonra həmin oğlanın gələcəyi, ailə həyatı necə olmalıdır? Ona görə də çoxumuz inkişafdan geri qalırıq.
2021-ci ildə yaşayırıq, XXI əsrdə şəkilnən, tanışlıqla, sevmədən ailə həyatı qurulur. Qızlarımız başını qaldıran kimi ərə verilir. Oğlanlarımız da gəzib doyandan sonra qadına fahişə kimi baxır. Hansı ki, doymaq üçün gəzdiyi xanımlar da bir ailənin övladıdır. Onlara ümid verirlər, aldadırlar, “səni alacam” deyib almırlar. Bu cür böyüyən insanlar da hər şeyi pozğun kmi qələmə verir. 15 yaşında yatağına qadın salan oğlan heç zaman kimisə sevməyəcək, hansı qızı görsə ya fahişə görəcək, ya da onu yatağında görmək istəyəcək. Ona görə heç kim mənə tərbiyədən dərs keçməsin”.