Anar ƏSƏDLİ,
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
***
Keçən il parlament seçkilərində şüarımız "İnanın, dəyişirik" idi. Bu şüarı İmamverdi İsmayılov kimi saxta yollarla seçilən deputatları dəyişmək üçün səsləndirmirdik, yeni bir partiya qurmağa hazırlaşırdıq. Əslində partiyanın sosial sifariş olduğunu görürdük, bu baxımdan xalqı aktiv siyasətə cəlb etmək üçün səsləniş edirdik ki, inanın, artıq bölgədə siyasi münasibətlər sistemi dəyişir, biz xalq olaraq buna hazır olmalıyıq.
Ona görə bu şüarı hazırlamışdıq və dəyişim prosesinin bütün detalları haqqında son 1 il yarımda 50-dən çox məqalə yazır, saysız-hesabsız müsahibə verirdim.
Təbii ki, bir siyasətçi və müxalifət partiyası kimi, resurslarımız dövlətin resurslarından fərqlidir. Biz ancaq yaza, danışa, görüşə, cəmiyyətə doğru fikirlər təqdim edə bilərik.
Dünən isə dövlətin başçısı danışdı. Prezidentin danışması dövlətin bütün resurslarının lazımı anda həm də hərəkətə gətirilməsi demək olduğu üçün diqqətlə izlədim.
İlham Əliyev 'CNN Türk"ə müsahibəsində həm Rusiyaya, həm də Ermənistana mesajlar verdi. O mesajlar ki, bizim Türkiyə, Rusiya və İranla bağlı son 1 ildə səsləndirdiyimiz tezislərin ana xəttini göstərirdi.
Biz nə deyirdik, İlham Əliyev nə dedi?
Deyirdik ki, Rusiyaya "dost" deməklə Rusiya bizə dost olmayacaq. Rusiya münaqişənin yarandığı gündən bəri onun katalizatoru rolunu oynayıb. Qarabağda hazırda ən önəmli problemlərin başında Rusiya hərbçilərinin ərazidə mövcud olması, sülhməramlı missiyasından uzaq davranış sərgiləməsi, uzun illər bölgədə qalacaqmış kimi hazırlıqlar görməsi gəlir. Ona görə də, Rusiya açıq şəkildə ittiham olunmalıdır.
Bunun icrasını artıq görürük. Əliyev Rusiyaya 10 noyabr razılaşmasını xatırlatdı və Ermənistandan rus sülhməramlılarının nəzarətindəki ərazilərə silah-hərbçi daşınmasını dayandırmağa çağırdı. Rusiyaya açıq şəkildə ultimatum verdi ki, separatçıları silahlandırmasın.
Müharibənin bitdiyi vaxtdan deyirdik ki, Azərbaycan Ermənistanla vasitəçisiz danışıqlara getməlidi. Artıq bu tezisimizin də reallaşmasına doğru addımlar atılır.
Rus sülhməramlılarının nəzarətində yaşayan ermənilərə “Rusiyaya güvənməyin”, yaxud “güvənib yolunuzu azmayın” mesajı verilir. Əliyev İrəvana yeganə yolun nə olduğunu göstərir: Azərbaycanın ərazi bütövlüyünü tanı; bu təklif masada əbədi qalmayacaq, Bakı konkret nəticə istəyir və Paşinyanın “vaxt uzatma oyunları”na dözməyəcək; sülh müqaviləsini imzalamaq istəməsələr, buna adekvat siyasət xətti yürüdüləcək.
Post-münaqişə dövrünün addımlarının mərhələli şəkildə atılmalı olduğunu bildirirdik. İlkin mərhələdə evimiz oğrulardan təmizlənib sonra qapılar bərkidilməlidir. Anti-terror əməliyyatının qaçılmaz olduğunu dəfələrlə bildirmişik. Bu tezisimizin də mesajı dolayı yolla səsləndirildi. İlham Əliyev Laçın dəhlizində və Xankəndidə baş verənləri dəqiq bildiyini açıqladı və qeyd etdi ki, buna son qoyulmayacaqsa, qabaqlayıcı tədbirlər görüləcək. Laçın dəhlizinin humanitar dəhliz adı altında istifadəsinə nəzarət gücləndirilməlidir. Əgər buradan hələ də diversiya məqsədli daşınmalar icra olunmağa davam edərsə, dəhliz bağlanmalıdır.
Azərbaycan Prezidentin “bütün bəndlərin yerinə yetirilməsini gözləyirik” açıqlaması separatçıların hələ də bölgədən təmizlənmədiyinə və rus sülhməramlılarının öz missiyalarını yerinə yetirmədiklərinə işarədir. Həm də o mesajı daşıyır ki, gözləntilərimizin sonu olacaq, necə ki, 44 günlük müharibə ilə bu sonu yaşadıq, yaxın zamanda eyni ritorikanın yenə şahidi ola bilərsiz.
Son bir neçə ayda da vurğulayırdıq ki, saat bizim xeyrimizə işləyir. Yeni Qafqaz inşa olunur, bu binanın memarı Azərbaycan və Türkiyədir! Türkiyə Ümumqafqaz təhlükəsizlik konsepsiyasının qarantıdır. ABŞ və Qərb Türkiyə olmadan regonda mövcudluğun mümkünsüzlüyünün fərqindədir. Və super güclərin arasındakı məsələlər təkcə Qarabağ deyil. Əfqanıstandan ABŞ ordusunun çıxarılması, Türkiyənin regiona nəzarət üçün Amerikanın Qarabağ məsələsində və Qafqaz regionunda rəsmi Ankaranın istəklərini həyata keçirməsinə dəstək verməsi gözlənilən idi. Rusiya da Türkiyənin gücünü, təsirini yaxşı bilir.
Dəfələrlə "saatımızın əqrəblərini Türkiyə saatı ilə uyğunlaşdırmalıyıq" deyirdik. Artıq rəsmi səviyyədə Rusiyanın Ermənistanı silahlandırmasının tərəflər arasındakı güc balansını əsla dəyişdirə bilmədiyi vurğulanır və Türkiyənin dəstəyi qabardılır.
İlham Əliyev qeyd edir ki, Azərbaycan-Türkiyə ittifaqi yeni regional balans yaradır və digər müttəfiqlərlə (Pakistan+Türk Dünyası) qlobal güc mərkəzi ola bilər. Dolayı yolla mesaj verilir ki, Azərbaycan regional gücdür və Türkiyənin varlığı ilə yaxın zamanda regional gücdən supergücə çevrilə bilər.
Deyirdik ki, Türkiyənin Cənubi Qafqazda varlığını “Şuşa bəyannaməsi” ilə gücləndirməsi, Azərbaycanın təhlükəsizliyini qarant altına alan ölkəyə çevrilməsi, bundan öncə mina xəritələrinin və əsirlərin dəyişdirilməsində Gürcüstanın vasitəçilik etməsi Moskvanın bölgədəki dayaqlarının titrədiyini göstərdi. Ona görə də Rusiya artıq bölgədə dominant mövqe uğrunda deyil, sadəcə regionda qalmaq naminə mübarizə aparır. Regionda qalmağın tək yolu isə münaqişənin davam etməsidir. Rusiyanın varolma uğrunda mübarizəsinin hələ də şahidiyik. Ona görə də, sülhməramlılar 5 illik müddət tamam olmadan bölgədən çıxarılmalıdı.
Əslində, 10 noyabr Bəyanatını ilk pozan Rusiyadır. Əliyevin mesajları rus hərbçilərinin bölgədə özbaşınalığına bir cavab idi. Bəyannamədə hər iki ölkədən birinin suverenliyinə təhlükə olduğu təqdirdə digərinin hərbi dəstəyi açıq şəkildə göstərilib. Tək bu maddə belə Azərbaycanın təhlükəsizliyinə problem yaratmağa cəhd edənləri fikrindən daşındırmağa yetir.
Deyirdik ki, müharibənin taleyini nə qətnamələr, nə də fəaliyyəti sadəcə turistik səfərlərdən ibarət olan Minsk qrupunun həmsədr dövlətləri həll etməyəcək. Problemi Azərbaycan xalqının birliyi, şücaəti ilə dillərə dastan olan igid qəhrəmanlar həll etdi. Artıq bu aktyorların nüfuzu göz ardı edilir, Azərbaycan öz gücünü və Türkiyənin siyasi varlığı amilini ortaya qoyur. Anti-terror əməliyyatının icra olunacağına dair ultimatumlar səsləndirilir.
Bu mesajlar reallaşarsa: separatçılar bölgədən təmizlənərsə, sərhəd xətlərinin müəyyənləşməsi prosesi başa çatdırılarsa, ardından qarşı tərəf sülh müqaviləsinə məcbur edilərsə (antiterror əməliyyatından sonra bunu icra etməmələri mümkünsüzdür), artıq sülhməramlıların da varlığına ehtiyac qalmayacaq.
Bu addımlar həm də bizim daim səsləndirdiyimiz vasitəçisiz danışıqlar prosesinin icrasına təkan verəcək. Düşünürəm ki, gələcək hədəflərin açıq səsləndirilməsi, düşmənə acizlik deyil, cəsarət nümayiş etdirilməsi və düşmənin adı ilə çağrılması elə həmin hədəflərin icrasının başlanğıcıdır.
Türkiyənin regionda supergücə çevrilməsi, eyni zamanda qardaş ölkəylə bərabər addımlamağımız sadəcə, hərbi yolla olmur, bütün sahalərdə ciddi proqram və fəaliyyətə gərək var. Bu, təhsildən - xüsusilə ali təhsildən tutmuş Türkiyənin regional iş adamlarının Azərbaycana uyğun sektorlara cəlb edilməsinə qədər əhatəli bir proses olmalıdır.
Türkiyənin iqtisadiyyatının güclənməsi, həm də hərbi cəhətdən daha güclü olması deməkdir.
Bizə isə güclü Türkiyə vacibdir.
Rusiya və İran kimi dost olmayan qonşuların əhatəsində ölkəmiz üçün güclü Türkiyə vacibdir.
Qoşulacağımız birgə iqtisadi və hərbi blokların başlanğıcı sadə addımlardan başlayır. Bu addımları AY Partiya olaraq uğurla atırıq. Gələcəyin qalib partiyası kimi hədəf və strategiyamızı düzgün müəyyənləşdirə bilməyimizdəndir ki, Şimali Kiprə səfərimiz, Kiprin tanınması məsələsini ölkə prezidenti, baş naziri və başqa dövlət rəsmiləri ilə görüşlərimizdə gündəmə gətirməyimiz, Türkiyənin yanğın baş verən ərazilərinə yollanmağımız, xalqla iç-içə olmağımız, hər çıxışımızda və fəaliyyətimizdə Türkiyənin Azərbaycan üçün əhəmiyyətini bildirməyimiz, Türkiyənin maraqlarını gücləndirməli olduğumuzu ifadə etməyimiz həm də elə yuxarıda bəhs etdiyimiz hədəflərə köklənib.
Güclü Türkiyə həm də güclü Azərbaycan deməkdir.
Mia.az