“Məni qınayan insanlar yaxşı olar ki, getsin öz ailələri, yaxınları ilə məşğul olsunlar. Onlar telefon arxasında olan əjdahalardır və işləri-gücləri yoxdur. Üz-üzə gələndə bəlkə də xoş sözlər deyirlər mənə. Bilirlər ki, üzümə deyə bilməzlər, desələr o dəqiqə cavablarını alacaqlar”.

Bunu Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova onu atasının dünyasını dəyişməsindən bir il ötməmiş toylara getməkdə ittiham edən izləyicilərinin tənqidlərinə qarşılıq olaraq deyib. Müğənni daha sonra əlavə edib.

“Onların toy məclisində gedib oxumamışam? Gəlib bunu deyərdilər də mənə. Müğənnilik mənim sənətimdir, kimin nədən qazancı varsa o işini də davam etdirir. Ona qalsa hamı evdə otursun da, işləməsin! Həkim, müəllimə öz işini davam etdirdiyi kimi, müğənni də həmçinin öz işinə davam edir. Onlar ağrı-acını hər halda məndən çox çəkə bilməzlər.

Mənim ürəyim yandığı kimi heç kimin ürəyi yana bilməz. Atama olan sevgimi bilən-bilir, heç kimə nəyisə sübut etməyə ehtiyac yoxdur. Bu tənqidləri mənə yazan insanlar bəlkə də heç doğmalarının 40 günü çıxmadan gedib toylarda əl-qol açanlardır. Bilməyənlər də bilsinlər ki, mənim atamın ili çoxdan çıxıb. Bir gözüm gülür, biri ağlayır. Bunu deyib, sızıldamağın yeri yoxdur. İçim özümü yandırır, çölüm özgəsini. İnsanlar çirkinləşib, bilən də danışır, bilməyən də. Vay o adamın halına ki, nəyisə bilməyib danışır. Hər kəsin qapısında bu var və olacaq da. İnanmıram ki, onlar öz doğmalarına mənim atama yanaşdığım kimi yanaşsınlar. Mən hələ də atam haqda keçmişdə danışa bilmirəm. Atam həmişə mənə deyirdi ki, qızım, səni üzgün görmək istəmirəm, heç kimə fikir vermə, öz işinlə məşğul ol. Hər halda onlar ən son insan ola bilərlər ki, bu dərdi çəksinlər. Təbii ki, söhbət hamıdan getmir, mənə mənfi rəy yazanlardan gedir. Məndən xoşun gəlmirsə, səhifəmdə nə işin var? Mənim atam Azərbaycan xalqı üçün böyük itkidir. İnsan var ki, evdən gedir, insan da var ki, eldən. Atam eldən getdi. Ona görə də rəhmət oxunası insandır” deyə o, bildirib/Moderator