"Həmişə istəyirəm ki, aktyorlar səhnədən alqışlarla yola salınsın. Amma olub ki, aktyorlarımızın çoxu səhnədən yola salınmayıb: Telman Adıgözəlov, Əjdər Həmidov, Rafael Dadaşov. Düzdür, buna pandemiya da səbəb oldu. Rafael Dadaşov vəfatından 2-3 ay öncə "Şöhrət" ordeninə layiq görüldü. Aktyor nə istəyir ki? Alqış, sevgi. Biz sənət fədailəriyik".
Bu sözləri Xalq artisti Məleykə Əsədova "Üzə-düz" proqramında deyib. Aktrisa sənət adamlarına dəyər verilmədiyini söyləyib:
"İndi deyirlər, aktyorun mükafat üçün filan yaşı olmalıdır. İndi heç 60 yaşa çatırıq ki? Ürəyim xəstədir. 60 yaşa çatmamış, bir də görürsüz ki, dünyamızı dəyişirik. Bəs, biz nə vaxt o şöhrəti görəcəyik?
Nə istəyirik ki, sənətimizə alqış. Sənət adamları, teatr aktyorları çox həssas, duyğusal olurlar. Görünüşcə cavan qala bilərəm, səhnədə nə boyda obrazlar yaratmışam. 32 ildir davam edir. Biz efirlərə də pulsuz gedirik, özümüzü fəda edirik. Bunu etməliyik, təmsil etmək bizim borcumuzdur. Sənət adamlarına vaxtında qiymət vermək lazımdır. Bəlkə kimsə 50-60 il səhnədədir. Səhnədə barmaqla sayılası aktyorlar var, biri də mən. Sənətdən başqa başqa heç bir şey bacarmıram, biznes də bilmirəm".
M.Əsədova evini satışa çıxardığını deyib:
"Bir evim var, onu da neçə ildir satışa qoymuşam, satılmır. Sata bilmirəm ki, özümünkülərə kömək edim. Biz bunları dilə gətirməməliyik. Aktrisa ucada, əlçatmaz olmalıdır. Məni səhnədə tamaşalarımla görməlidirlər, qəlbimi küsdürməməlidirlər"/Axsam.az.