Elçin MİRZƏBƏYLİ

***

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı həyata keçirdiyi terror və təxribat xarakterli hərəkətlər bir daha öz təsdiqini tapdı.

İttiham olunan şəxslərin ifadələri sübuta yetirdi ki, Ermənistan ordusunun döyüş meydanında ağır məğlubiyyətə uğradığına, ölkənin hərbi-siyasi rəhbərliyinin kapitulasiya xarakterli sənədi imzaladığına baxmayaraq, rəsmi İrəvan öz məkrli, cinayət xarakterli əməllərindən əl çəkməyib və ölkəmizin ərazisində davamlı şəkildə təxribatlar törətmək məqsədi güdüb.

Məhkəmə prosesi bizə yaxşı bəlli olan, amma Ermənistan rəhbərliyinin, bu ölkənin təbliğat-təşviqat maşınının bütün mümkün vasitələrlə inkar etməyə çalışdığı bir mənzərəni də gün işığına çıxardı. Bir daha məlum oldu ki, ermənilər hərbi xidmətə getmək, döyüşmək istəməyiblər və onları 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə, hədələməklə məcburi hərbi xidmətə, döyüşə göndəriliblər. Əslində, hələ 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra 60 min erməninin ölkə sərhədlərini tərk etməsi də erməni əsgərinin gerçək obrazının “məğlubedilməzlik” pərdəsi arxasında gizlədilən sabun köpüyündən ibarət olduğunu nümayiş etdirirdi. 44 günlük Vətən müharibəsi dövründə erməni hərbçilərinin kütləvi fərariliyi mediada, sosial şəbəkələrdə yer alan təkzibolunmaz faktlarla yanaşı, Ermənistan parlamentinin qəbul etdiyi amnistiya aktı ilə də öz təsdiqini tapdı. Ermənistanın Ədliyyə naziri amnistiya aktının 5255 nəfərə şamil olacağını bildirsə də, sonradan qəbul edilən sənəddə konkret say göstərilmədiyi bəlli oldu. Həmçinin məlum oldu ki, amnistiya 26 sentyabr 2000-ci ilədək sıravi heyət arasında yaşı 27-dək, zabit heyəti arasında isə yaşı 35-dək olan hər kəsə şamil edilib və Ermənistan ordusundakı fərarilərin sayı Ədliyyə nazirinin ifadə etdiyi rəqəmlərdən dəfələrlə çoxdur.

Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o da məlim oldu ki, ittiham olunan şəxslərin əksəriyyəti işsiz, habelə işləmək üçün dəfələrlə xarici ölkələrə səfər edən şəxlərdir və onların ölkədə olmasının yeganə səbəbi isə pandemiya ucbatından sərhədlərin qapalı olması olub. Qeyd edim ki, hələ ötən ilin iyul-avqust aylarında Ermənistanın rəsmi qurumları və ekspertləri hər il Rusiyaya və digər ölkələrə mövsümi işlərə gedən təxminən 200-250 min erməninin pandemiya səbəbindən ölkə sərhədlərini tərk edə bilmədiyini, bu səbəbdən Ermənistana xaricdən daxil olan vəsaitlərin 3 milyard ABŞ dolları civarında azaldığını bildirirdilər.

Məhkəmədə təqsirləndirilən şəxslərin ifadələrindən aydın oldu ki, ermənilər tərəfindən döyüşənlərin böyük əksəriyyəti hədə qorxu, həbs cəzası təhdidi ilə orduya cəlb edilənlərdir. Ermənistan rəhbərliyi bu şəxsləri faktiki olaraq girov kimi saxlayıb və onlar bəlkə də əsl azadlıqlarını Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldıqdan sonra qazanıblar və humanizmin, insanlığın nə olduğunu görüblər.

Ümid edək ki, məhkum olunan şəxslərə qarşı Azərbaycan tərəfindən göstərilən humanizm Ermənistanı uzun illər boyu ölkəmizə qarşı həyata keçirdiyi məkrli siyasətdən əl çəkməyə sövq edəcək.

MİA.AZ