Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb.
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.
Bildirilib ki, A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb: "Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.
Bununla Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik".