"Növbəti həftələrdə koronavirusa yoluxmanın hansı vəziyyətdə olacağı ilə bağlı qeyri-müəyyənliklə üz-üzəyik".
Mia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib: “Hazırda ölkədə gündəlik təxminən 2 400 yoluxma var. Bu yoluxma halları fonunda bəzi insanlar uşaqların və müəllimlərin məktəbə getməsinin tərəfdarıdır. Bu, normaldır, amma yoluxma çox olduğu halda məktəblər açıq ola bilməz. Bu aylar ərzində bilirik ki, gündəlik yoluxmaların təxminən 4-6 faizi müəllimlər olub. Təbii ki, yoluxmaların hər biri məktəbdə baş vermir. Bu yoluxmalar ailədaxili, nəqliyyatda və başqa yerlərdə baş verir. Gündəlik təxminən 100-ə yaxın müəllim və məktəb personalı koronavirusa yoluxur. Bunun da 80 faizi Bakı, Sumqayıt və Abşeronun payına düşür”
Nazir əlavə edib ki, bölgələrdə məktəblərin niyə bağlanmadığı ilə bağlı suallar var. Onun sözlərinə görə, bir çox rayonlarda gündəlik yoluxma 3-4-5 olur: “Ona görə bu ərazilərdə kütləvi yoluxmalara gedilməsi düzgün bilinmədi. Ənənəvi qaydada öyrənmək ən vacibidir. Müəllimlər də böyük risklərlə üz-üzə qalır, amma onlar şagirdlərin öyrənməsi üçün çalışırlar. Onların əksəriyyəti də şagirdlərə üz-üzə dərs keçməyin tərəfdarıdır. Təbii ki, statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək”.
Nazir bildirib ki, yYoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq.