Bu gün prezident İlham Əliyev daha bir sərəncam verib. Prezidentin budəfəki sərəncamı mədəniyyət sahəsi ilə bağlı olub.

Mia.az xəbər verir ki, "Dədə Qorqud” dastanlarının azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyətini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolunu nəzərə alaraq, prezident İ.Əliyev aşağıdakı sərəncamı imzalayıb: 

1. "Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filmi çəkilsin.

2. "Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat ayrılsın. 

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.