Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, 2021-ci ilin 15 fevral və 16 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev UNESCO-nun Baş direktorunun ofisinin rəhbəri Nikolas Kassionides ilə video-konfrans formatında görüşlər keçirib.
Məlumata görə, görüşlərdə Azərbaycanın “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə” 1954-cü il Haaqa Konvensiyasına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə dəvət etdiyi UNESCO missiyası ilə bağlı müzakirələr aparılıb.
Azərbaycanın UNESCO ilə əməkdaşlığa böyük önəm verdiyini, konstruktiv dialoqa həmişə açıq olduğunu qeyd edən Hikmət Hacıyev sonuncu video-görüşdə işğaldan azad olunmuş Azərbaycan ərazilərində mədəni və dini abidələrə vurulmuş zərərin qiymətləndirilməsi üçün ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha ifadə edib/APA.