Dekabrın 24-də Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional
nümayəndəliklərinin geniş iclası keçirilib.
Mia.az-a daxil olan məlumata
görə, iclasda təşkilatın fəaliyyəti, gələcək planlar və layihələri müzakirə
olunub. ÜAK-ın icraçı direktoru İlqar Haciyev iştirakçıları qarşıdan gələn
bayramlar münasibəti ilə təbrik edərək, təşkilatın apardığı geniş miqyaslı işlərdən söz açıb.
İ.Hacıyev ÜAK-n qəzeti və
saytında aparılan təkmilləşdirmə işlərdən də söz açaraq, region
rəhbərlərini təşkilatın məlumat resurslarından daha fəal istifadə etməyə
çağırıb. Həmçinin, o, ÜAK-n nəzdində fəaliyyət göstərən soydaşlarımıza hüquqi
yardım mərkəzindən bəhs edərək, mərkəzin 24 saat soydaşlarımızın qulluğunda
olduğunu xüsusi vurğulayıb.
Xəbərə görə, iclasda Azərbaycanın
Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov da çıxış edib. Diplomat çıxışında
hər bir azərbaycanlının arxalana və güvənə biləcək ünvanın ilk olaraq, tarixi
vətənimiz Azərbaycan olduğunu xatırladaraq, müstəqil Azərbaycanın qarantının
isə prezident İlham Əliyev olduğunu bildirib.
Diplomat Rusiyada yaşayan
azərbaycanlıların arxalana biləcək ünvanın isə Azərbaycanın rəsmi nümayəndəliyi
olan səfirliyin olduğunu diqqətə çatdıraraq, deyib ki, Rusiyada Azərbaycan
diasporunun güclü olmasının təminatı birlikdir: «Azərbaycanlılar milli maraq
ətrafında birləşməlidirlər. Ulu öndər Heydər Əliyevin də bizə töhfəsi bundan
ibarətdir. Konqres də məhz bunun üçün yaradılıb».
Qüdsi Osmanov vurğulayıb ki,
ümummilli lider Heydər Əliyev və onun davamçısı prezident İlham Əliyev hər
zaman xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı ilə yanaşıblar. Diplomat
qeyd edib ki, səfirliyə söykənərək, ÜAK-ı formalaşdıra, təkmilləşdirə və
gücləndirməliyik, səfirliklə birlikdə ÜAK böyük nailiyyət və müvəffəqiyyətlər
qazanacaqdır: «Rusiyada böyük nüfuza malik olan səfirimiz Polad Bülbüloğlunun
istəyi də elə bundan ibarətdir».
Daha sonra İlqar Haciyev
iştirakçılarına ÜAK Sankt-Peterburq regional nümayəndəliyinin yeni təyin
olunmuş rəhbəri Elmar Şaxirzayevi təqdim edib: «Elmar Şaxirzayev uzun müddət
Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər İdarəsinin informasiya
departamentinin rəhbəri vəzifəsində çalışıb. Peterburqda yaşayan soydaşlarımız
arasında böyük nüfuz və hörmətə malikdir».
Tədbirdə Rusiyanın Şimali-Qərb
regionun böyük əhəmiyyəti nəzərə alınaraq, iştirakçılar tərəfindən bu bölgənin
ÜAK rəhbəri Leninqrad vilayətinin parlament deputatı, böyük nüfuza malik olan
Səyyad Əliyev seçilib.
Sonunda iştirakçılar
aktiv ictimai fəaliyyətlərinə görə diplom, fəxri fərman və medallarla təltif
olunublar.
/span