Xəbər verdiyimiz kimi bu gün Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə xalq artisti Nazpəri Dostəliyevanın İlhamə Quliyevaya qarşı iddia ərizəsi əsasında məhkəmə prosesi baş tutub.
Bu barədə İlhamə Quliyevanın vəkili Ceyhun Cəfərov mətbuata məlumat verərək bildirib ki, məhkəmədə primadonnanın Dostəliyevanın ünvanına heç bir böhtan, şər xarakterli, şərəf və ləyaqəti alçaldacaq ifadələr söyləmədiyi təsdiq olunub və məhkəmə əsaslı qətnamənin qəbul olunması üçün bu işin linqvistik ekpertizaya göndərilməsinə qərar verib.
Bu açıqlamaya qarşı tərəfdən dərhal reaksiya gəlib. Nazpəri Dostəliyeva "Qafqazinfo” saytıyla əlaqə saxlayaraq məlumatın yanlış olduğunu bildirib: "Mətbuatda yayılıb ki, məhkəmə mənim iddiamı ləğv edib. Bu belə deyil. Məhkəmə əsaslı qətnamənin qəbul olunması üçün bu işin linqvistik ekpertizaya göndərilməsinə qərar verib. Bu o deməkdir ki, "mən yemirəm, yedizdirirəm” ifadəsi ekspertiza olunacaq və həmin ifadənin nə qədər təhqir olub-olmadığı müəyyənləşdiriləcək”.