Osman GÜNDÜZ,
Azərbaycan İnternet Forumunun rəhbəri
***
Azəriqaz təbii inhisar subyektinin saytında yalnız bir növ sayğac, “İTRON” firmasının istehsalı olan smartkart tipli sayğac haqqında məlumat var. Hansı ki, bunlar da mexaniki-elektron tipli ilə əvəz olunmağa başlayıb.
Qalan sayğaclar haqqında məlumatlar rəsmi resursdan yığışdırılıb və ya ümumiyyətlə belə məlumatlar saytda açıqlanmayıb.
İndi Azəriqaz rəsmi olaraq açıqlayıb ki, 1 fevral tarixdən daha bir yeni növ sayğaclar quraşdıracaq.
Bu dəfə Almaniya istehsalı olan “Zenner” markalı sayğaclara üstünlük veriləcək.
Qurum elan edib ki, bu sayğacların zavod tərəfindən quraşdırılan proqram təminatına qurum tərəfindən müdaxilə edilib və yeni, əlavə bir yerli proqram təminatları quraşdırılıb.
Maraqli məqam odur ki, bu proqram təminatının kim tərəfidən hazırlanması, aidiyyatı dövlət qurumu tərəfindən audit edilməsi, hansı funksiyanı icra etməsi haqqında heç bir kəlmə açıqlanmayıb.
Yenə də həmin kordinat, həmin dalğadır.
Xidməti satan da özüdür, tərəzini alıb ona müdaxilə edən də özüdür, tərəzidə çəkən də özüdür, məlumatları emal edən proqram təminatını da özü hazırlayıb və alınan məlumatları da özü ötürür.
Odur ki, biz yenə o fikirdə qalırıq ki, yuxarıda sadalanan funksiyalar xidməti verənin özündə qalacaqsa hansı tip sayğacın qoyulmasından asılı olmayaraq istehlakçının şübhələnməsi üçün həmişə əsaslar olacaq.
Çünki bu tip sistemin özü, mahiyyəti bu cür şübhələrə əsas yaradır.
Odur ki, əvvəlki təklifimiz qüvvədər.
Təkidlə hökumətdən xahiş və tələb edirik ki, hər üç təbii inhisar subyektinin, Azəriqaz, Azərişıq və Azərsu-nun bütün sayğac əməliyatları, sayğac infomasiyalarının əldə edilməsi və emal olunması, hər üçü vahid bir informasiya sistemində birləşdirilərək, vahid bir şəxsi kabinet yaradılaraq digər bir quruma , məsələn, ASAN Kommunala verilməlidir.
Ola bilər ki, bu infromasiya sisteminin operatoru digər bir dövlət qurumu olsun, hesablamalar isə ASAN Kommunalda gedə bilər. İstənilən halda, "tərəzi" məsələsinin xidməti təqdim edən inhisarçıda qalması hər zaman problemlər yaradacaq.
Vətəndaşlar yalnız bir pəncərədən, bir şəxsi kabinetdən istifadə edərək hər üç xidməti uzaqdan idarə etməli və online nəzarət etməlidir.
P.S. Ümid edirəm, Antiinhisar Dövlət Xidməti hazırda Azəriqaz-da və digər təbii inhisarlarda tətbiq edilən bütün növ sayğaclar haqqında məlumatların qurumların saytında yerləşdirilməsini təmin edəcək.
Mia.az