"Ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsini nəzərdə tuturuq".

Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib: "Bundan əlavə, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsini də 2 dəfə keçirməyi planlaşdırırıq. Ancaq bütün bunlar vəziyyətdən asılı olacaq".

DİM sədri bir daha imtahan iştirakçılarının, ictimaiyyətin nəzərinə çatdırıb ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər: "Buna əvvəlcədən hazır olmaq lazımdır. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər.

Bu il qabiliyyət imtahanının keçirilməsini düşünürük. Tarixlər olsa da hələlik açıqlaya bilmirik”.

DİM sədri qeyd edib ki, epidemioloji vəziyyət dəyişsə, qabiliyyət imtahanlarının tarixində də müəyyən dəyişiklik ola bilər.