Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” fərman imzalayıb.
Mia.az president.az-a istinadən xəbər verir ki, Fərmana əsasən prezident İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-ci il 23 oktyabr tarixli 977 nömrəli Fərmanını "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərar verib:
"Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 582; 2007, № 8, maddə 769, №12, maddə 1246) 1-ci hissəsinin 5-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
1. ikinci abzasa "Energetika Nazirliyi” sözlərindən sonra, "alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;
2. üçüncü abzasa "Energetika Nazirliyi” sözlərindən sonra, "alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin; 3. dördüncü abzasa "Energetika Nazirliyinin” sözlərindən sonra, "alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin” sözləri əlavə edilsin.