Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeniy Ziniçev və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla Dağlıq Qarabağ rayonunda humanitar məsələlərlə bağlı iclas keçirib.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Rusiya Prezidenti Dağlıq Qarabağda humanitar məsələlərin həll edilməsi və mülki infrastrukturun bərpa olunması məqsədi ilə Qurumlararası Humanitar Mərkəzin yaradılması haqqında məlum verib.

“Biz bura Dağlıq Qarabağ münaqişəsi zonasındakı mövcud vəziyyəti müzakirə etmək üçün toplaşmışıq. Ümid edirəm ki, bundan sonra artıq “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən istifadə etməyəcəyik”, - deyə V. Putin bildirib/APA.

Xatırladaq ki, Putin bu gün Dağlıq Qarabağla bağlı Qurumlararası Humanitar Mərkəzin yaradılması barədə fərman da imzalayıb.

Fərmanda bildirilib ki, Dağlıq Qarabağla bağlı Humanitar Yardım Mərkəzində Rusiya Fövqəladə Hallar və Xarici İşlər nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri təmsil olunacaqlar.

Təşkilati məsələlər Müdafiə Nazirliyinə həvalə ediləcək.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Mia.az