İbrahim İsgəndərli
***
Çətindir, eyni zamanda da bağışlanmazdır. Başqa hadisələri demirəm, Vətən müharibəsinin getdiyi bir vaxtda zamanın axarından uzaqda qalasan və heç bir şey də etməyib, seyirci olasan.
Buna necə yanaşırsan yanaş, nəticə çox pis görünür: yerini tapmayan insan.
Nədən bu belə olur? Nədən bizlər bu yaşamdan qurtula bilmirik? Olmaya özümüzü dərk etməkdən qorxub, yerimizi müəyyənləşdirə bilmirik. Yoxsa, o istəyə can atmaq niyyətindən belə uzağıq. Niyə? Olmaya yaşadığımız zamanlar bizə qənim kəsilib? Cavab üçün deyə bilərəm ki, heç də elə deyil. Səbəb ictimai mühitə biganəliyimizdir ki, bizləri bu günə qoyub. Bu mühitin də dəyişdiriciləri ancaq həmin mühitin ziyalıları ola bilər.
Əgər ziyalı olub bitən hadisələri düzgün, dürüst, həyatın tələb etdiyi dəyərlər əsasında gələcək nəsillərə çatdıra bilmirsə, ondan sonrakı nəsil çox ağır duruma düşüb, həyatın axarında çox çətin məqamlarla üz-üzə qalır, nəticədə bugünkü iztirabların buxovunda sıxılmağa məhkum olur. Bu, çox anormal haldır.
Uzun müddətdir ki, ziyalılarımız yaşadığı mühitdə baş verən gerçəkliyə məhəl qoymaq əvəzinə, ona yad olub, düşmən kəsilmişlər. Məhz ona görə də, bizim gerçək həyatımızda, tariximizdə, siyasətimizdə və ictimai fikirimizdə ziyalıların rolu çox az olur, hətta yox dərəcəsindədir desəm yanılmaram.
Əgər hər bir ziyalı bacardığı işin ardınca gedib, cəsarətlə yaşamış olsaydı, onda bizlər illər boyu bu cür ağır durumda qalmazdıq.
Bu cür müharibə hadisələri hər bir xalqın həyatında 50-100 ildən bir baş verir və onu düzgün dəyərləndirməyəndə o xalq ya müstəmləkə vəziyyətinə düşür, ya da əksinə Yer kürəsində özünü təsdiq edən xalqlar sırasında yerini qoruyur. Bizlər bundan gələcək üçün dərs çıxarmalıyıq. Bu vacibdir və bu bir qurtuluş sınağıdır. Bu gün cəsarətlə tarix yazan əsgərlərin yaratdığı qəhrəmanlıq salnamələrindən nəticə çıxarıb, çətin də olsa zamanın axarına düşməliyik ki, gələcəkdə yerimizi qoruyub saxlayaq ki, xalqımız həmişə ayaqda dursun. Yoxsa zaman bizi bir daha bağışlamaz.....
MİA.AZ