Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar xidmətin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, 19.11.2013-cü il tarixdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.2; 181.2.2; 185.2.1; 228.4 və 326.2 maddələri ilə təqsirli bilinərək Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qərarı çıxarılıb.

Hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Dadaşov Emil Rafail oğlunun hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 1 saylı hüquq məsləhətxanasının vəkili Mustafayev Rafiq Həmid oğlu onunla görüşə gələrkən müəssissənin Nəzarət Buraxılış Məntəqəsində xidmət edən əməkdaşlar tərəfindən xəbərdar edilməsinə baxmayaraq, ona məxsus əl çantasından içərisində ”Sim” danışıq kartı olan 1 ədəd "Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb

Fakt üzrə araşdırma aparılır.

Xatırladaq ki, sözügedən vəkil sabiq deputat, hazırda həbsdə olan Gülər Əhmədovanın məhkəmədə hüquqlarını qoruyur.

***

Raqif Mustafayev APA-ya açıqlamasında bildirib ki, həmin telefonu müstəntiqdən alıb: "İşi araşdıran müstəntiq mənimlə görüşəndə telefonu mənə verdi ki, təqsirləndirilən şəxsin ailəsinə çatdırım. Mən də telefonu alıb çantaya qoymuşam. Təcridxanaya gedəndə öz telefonumu maşında qoydum. Həmin telefon isə yadımdan çıxıb, çantada qalmışdı. Xarab, işləməyən telefondur”