"Qarşıdakı oyunlarda da yaxşı oyun sərgiləməyə çalışacağıq" - Qurban Qurbanov

img

01-11-2017 [12:32]


Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Atletiko” ilə bərabərə qalan (1:1) "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

– Ağır oyun oldu. Bir xal qazanmağımıza baxmayaraq, rəqib çox yaxşı oynadı. Bu cür oyunlarda futbolçularımın təcrübə qazanması mənim üçün çox önəmlidir. Rəqibin qol epizodları çox olsa da,komandamız sonadək mübarizə apardılar. "Atletiko”ya gələcək oyunlarda uğurlar arzulayıram.

– "Atletiko” ilə ilk oyunda da qırmızı vərəqə olmuşdu, bu dəfə də…

– İlk oyundan sonra demişdim – yalnış qərar idi. Ancaq məncə, bu dəfə hakim haqlı idi. Pedro ayağını çox yuxarı qaldırmışdı.

– ÇL-in püşkü atıldıqdan sonra "Qarabağ” qrupun aşkar autsayderi kimi göstərilirdi. Ancaq komanda artıq iki xal qazanıb. Demək olar ki, komanda artıq əsas işin öhdəsindən gəlib? 

– Çox güclü qrupa düşmüşük. İlk 3 rəqibin də qrup birincisi olmaq potensialı var idi. Bizim üçün isə əsas təcrübədir. Belə oyunlar bizə zövq verir. Qarşıdakı oyunlarda da yaxşı oyun sərgiləməyə çalışacağıq. Əlbəttə, nəticə də önəmlidir. Dayanmaq istəmirik. Nəticəmizi daim inkişaf etdirmək istəyirik.

– Bu turnirdə iştirakın sizin üçün vacib olduğunu dediniz. UEFA isə fərqli düşünür…

– Bu barədə nə isə deyə bilmərəm. Bu turnirdə iştirak etdikdən sonra istərdik ki, bundan sonra da hər il iştirak edək. Bəlkə də, gələcəkdə də bu turnirdə iştirak etmək üçün bir az da bərkiməliyik. Turnirlə bağlı nə qərar qəbul edilsə, buna riayət etməliyik.

– Pedronun qırmızı vərəqə alması, Geryenin zədələnməsi sizin planlarınızı pozdumu? Bir də, sanki "Atletiko” ilə oyunlarımızda gərginlik bir qədər də artıq oldu… 

– İstər-istəməz itkilər komandanın planlarını pozur. Yenə zədəli futbolçu olanda, bunu kompensasiya etmək olur. Lakin qırmızı vərəqə olanda bunu etmək mümkün olmur. Bu turnirdə iki dəfə ardıcıl azlıqda oynamaq futbolçularıma əlavə inam verdi. Məncə, bu, futbolçularımızın daha məsuliyyətli olması üçün əsas rol oynadı. Bu turnirdə gərgin olmayan oyun yoxdur. Burdakı rəqiblərimiz bizi buna məcbur edir.

– Son illərdə ÇL-də "Atletiko”nu çox az komanda üstələyib. Bu komanda ilə ardıcıl iki dəfə heç-heçə etdiyinizə görə hansı hissləri keçirirsiniz?

– Ümumiyyətlə, futbolda hər nəticənin öz məsuliyyəti var. Bu hisslər imkan vermir ki, rahat olaq. Qarşıda bundan da ağır oyunlar var. Belə nəticələr bizə nə qədər inam verirsə, həm də, əlavə məsuliyyət verir. Rahatlaşmırıq. İşimizə daha çox məsuliyyətlə yanaşmalıyıq. Çalışacağıq ki, bu cür nəticələr təsadüf yox, davamlı olsun.

– Komanda fasiləyə heç kimin gözləmədiyi halda 1:0 hesabıyla öndə yollandı. Fasilədə futbolçularınıza nə dediniz?

– Hər hissənin öz təhlili var. Oyundan öncə istənilən nəticəyə hazır oluruq. Matçdan öncə rəqibi analiz edirik. Qapımızda gördüyümüz qolların bir çoxunda bu tapşırıqlara düzgün riayət edilməməsi səbəb olur. Bunu burda açıqlaya bilmərəm. İkinci hissədə qol buraxsaq da, yaxşı oynadıq.

– Heç kimə sirr deyil ki, "Qarabağ” bu gün ÇL-in ən az büdcəyə malik komandasıdı. Bu gün özünüzü daha böyük ölkələrdə, məsələn, Türkiyə klublarında çalışmağa hansı dərəcədə hazır hiss edirsiniz?

– Bu barədə düşünmürəm. Əsasən, burdakı işimi yaxşılaşdırmaq barədə düşünürəm. Belə təklif barədə düşünmürəm belə. Çalışıram ki, Azərbaycan futboluna kiçik də olsa, xeyir verim.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA