"Ziya Məmmədov, Eldar Mahmudov, yaxud başqalarının "yola salınması"..." - Zəlimxan Məmmədlidən şok ittihamlar

img

10-04-2017 [16:40]


Son illər Azərbaycanın ictimai-siyasi düşərgəsində passivlik daha da artıb. İqtidar əleyhdarı olan siyasi partiyaların ölkə həyatındakı rolu artıq bir o qədər də hiss edilmir.

Borçalı Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli "Reytinq"ə müsahibəsinə bu məsələdən başlayıb. 

Mia.az saytı həmin müsahibəni təqdim edir:

- 1992-ci ildə Azərbaycanda ilk demokratik seçkilər oldu, çoxluğun da səsi hakimiyyəti formalaşdırdı. Həmin hakimiyyət də xalqın yanında oldu. O da Elçibəy hakimiyyəti idi. 1993-cü ildə isə həmin hakimiyyət qiyamla devrildi. Ona hüququ don geyindirilməsi isə tamamilə başqa məsələdir. Əgər hakimiyyət devrilirsə, xalqın səsi nəzərə alınmırsa və bunu edən kənar qüvvələrdirsə, təbii ki, orada normal siyasi sistemin quruluşundan danışa bilməzdik.

Uzun zaman Azərbaycan xalqı, siyasi sistemi, daha çox da müxalif qüvvələr müqavimət göstərdi ki, xalqın iradəsini yenidən hakimiyyətə gətirə bilək. Bu ümidlər olub, amma özünü doğrultmayıb...

Azərbaycanı zəbt eləmiş siyasi hakimiyyət bütün resursları ilə siyasi institutları çökdürmək xəttinə önəm verib. Əslində, bu, çox dramatik vəziyyətdir.

Hakimiyyət demokratik olanda müxalifətin, sivill toplum quruluşları, medianın inkişafı üçün qanunun aliliyi, hakimiyyət bölgüsü prnisiplərinə əməl edir. Qanunlar meydanda olur və insanlar o qanunların təmin olunması ilə öz sivil yaşamını qurur. Azərbaycanda isə elə deyil.

- Amma bu gün sabitliyin olmasını əsas amil kimi göstərirlər…

- Bu gün siyasi sabitlik görünə bilər, amma ölkədə siyasi sistem dinamik deyil. Hətta demək olar ki, siyasi sistem yoxdur. Bir hakimiyyət var, bir də ona işləyən qolları. Harda millətin sözünü, demokratiya tələbini irəli sürən varsa, onun başına qapaz vurulur. Bax, 25 ildir həyata keçirilən siyasət budur. Nəticə etibarı ilə "sabitlik" deyilən bir vəziyyət yaranıb.

- Belə vəziyyətin yaranmasında təkcə hakimiyyət təqsirkardır, yoxsa cəmiyyətin də, müxalifətin də suçu var?

- Belə vəziyyətin yaranması hərbi qiyamın, Azərbaycan daxilində yetişdirilmiş və hərbi qiyamı gerçəkləşdirən siyasi qüvvələrin, ona rəvac verənlərin və bütün bunların ideya müəlliflərinin suçudur. Bu gün o suç mexanizminin başında Moskva və Tehran durur. Moskva açıq şəkildə özünü göstərir, Tehran da zaman-zaman maraqlarını təmin edir. Məsələ ondadır ki, bu qüvvələrin maraqları Azərbaycan xalqının maraqlarına uyğun deyil. Azərbaycan xalqı Rəsulzadənin qoyduğu və onun davamçısı Elçibəyin yolu ilə getmək istəyir. Rusiya isə bütün vasitələrlə Azərbaycanın demokratikləşməsinin, xalqın müstəqillikdən bəhrələnməsinin qarşısını alan mexanizmdir, onun əlavəsi Azərbaycanda olan hakimiyyətdir.

Zaman-zaman Azərbaycanda şanslar olub ki, demokratikləşmə baş tutsun, amma Rusiya açıq formada müdaxilə edərək buna mane olub.

- Ölkədəki vəziyyət Rusiya, İran və digər kənar güclərin marağına uyğundursa, deməli, bu, nə hakimiyyət, nə cəmiyyət, nə də müxalifəti qane etmir. Belə bir şəraitdə bu üç tərəf vahid mövqeyə gəlib müqavimət göstərə bilməzmi?

- Cəmiyyətin bir təbəqəsi əhəmiyyətli şəkildə müqavimətdədir. Siyasi müxalifətin də üzərində oyunlar qurulur. Zaman-zaman ələ alınan da, təzyiqlə geri çəkdirilən də olub, medianı ələ almaq halları da baş verib. Amma Azərbaycan xalqının ruhu, onun seçilmiş, formalaşmış bəlli bir təbəqəsi mübarizəsini davam etdirir. Yəni, "mübarizə tamamilə ölüb",- demək olmaz.

Mən sizinlə razıyam ki, yaranmış situasiya Azərbaycanın milli maraqlarına təsir edir. Eyni zamanda, hakimiyyətin sabahının qarantlı olmaması qənaəti var. Şəxsən mən dövlət başçısına açıq formada, bir az da kəskin üslubda müraciət etmişəm. Bildirmişəm ki, yuxarıdan aşağı islahatların aparılmasına başlamağın zamanıdır.

Azərbaycanın üzərində oynanılan oyunlar, bizi yenidən imperiyanın müstəmləkəsinə aparan buxovları sındırmaq lazımdır. Görünür, Azərbaycana uzanan əllər çox güclüdür və bu istiqamətdə cəsarətli addımlar atmağa imkan vermir.

Qəribə mənzərə var, İslam dəyərlərindən danışıb oyunlar keçirəcəyik, amma ölkədə İslam dəyərləri ayaqlar altına atılır. Avropa Oyunları keçiririk, amma Avropaya dirsək göstərib, ona qarşı mübarizə aparırıq.

Qonşumuz Gürcüstan, o tərəfdən isə Ukrayna Avropaya inteqrasiya edir. Biz niyə Avropanı yumruqlayırıq?

Çünki 93-cü ildə qiyam vasitəsiylə hakimiyyətə gələn qüvvənin funksiyası istiqlalı gözdən salmaq, Avropa dəyərlərinin Azərbaycana girişinin qarşısını almaqdır. Amma xalq azadlıq, demokratiya, sivil cəmiyyət və sosial rifahının yaxşı olmasını istəyir.

- Bu arada müxalifət proseslərin harasındadır?

- Müxalifətin əhəmiyyətli hissəsi yorula, yorğun görünə bilər, amma Azərbaycana istiqlal gətirən isanlar hələ də meydandadır. Sadəcə, hakimiyyət ortaya siyasi iradə qoymaq imkanlarına malik deyil. Hazırda proseslər daha çox hakimiyyətin siyasi iradəsindən asılıdır. Hakimiyyət nə qədər tez ortaya siyasi iradə qoyaraq milli müqaviməti formalaşdırsa, bu, Azərbaycan tarixində ən şanslı tarixi hadisələrdən biri ola bilər. Təəssüflər olsun ki, bizim hakimiyyətdə olan təfəkkür daha çox yırtıcı və dağıdıcıdır. Eyni zamanda, Rəsulzadə-Elçibəy ideya xəttinə alternativdir. Bu reallıq var, amma o demək deyil ki, hakimiyyətdəkilər əbədi olaraq bu yolu davam etdirəcəklər.

- Bir tərəfdə Rusiya, digər tərəfdə İran, hətta başqa güclər də Azərbaycana doğru cəbhə alıbsa, Azərbaycan necə müqavimət göstərəcək? Böyük güclərlə təkbaşına savaşmaq mümkündürmü?

- Niyə təkbaşına? Hər zaman yanımızda olan möhtəşəm qardaş dövlətimiz Türkiyə var. Düzdür, onun üzərində də oyunlar qurulur. 20-ci əsrin əvvəllərində bütün düşmənlər Türkiyəyə qarşı birləşmişdi, ermənilər də içəridə xəyanət edirdilər. İndi kürdlərlə ermənilər yerini dəyişib, amma bütün düşmənlər eynidir.

Bu gün Türkiyənin boy verməsi gələcəkdə Azərbaycanda milli demokratik dövlət quruculuğunda önəmli addımların atılması baxımından olduqca vacibdir. Mən inanıram ki, Türkiyə bu yolda daha da böyüyəcək. Hesab edirəm ki, indiki referendum Türkiyənin xilası, Türk dünyasının dirçəlişi üçün mühüm başlanğıcdır. Allah eləməsin, Türkiyədə çöküş olarsa, Azərbaycan da çökə və ayaq altda qala bilər.

- Zəlimxan bəy, ötən il referendum keçirildi, ölkəmizdə ciddi struktur dəyişiklikəri üçün zəmin yarandı. Eyni zamanda, bir sıra kadr dəyişiklikləri, yeni təyinatlar oldu. Bunu necə dəyərləndirirsiniz?

- Yeni dil açan insana hansı dildə öyrətsən o dildə danışacaq. Bu hakimiyyət insanına öz dilində danışmağı öyrədə bilmir. Hakimiyyət bizə tamamilə yad olan təfəkkürü gətirir. Əgər milli dövlətçilik xəttinə yaxınlaşarlarsa, islahata başlayarlarsa, bu və ya digər kadr dəyişikliklərindən müsbət nəticə gözləmək olar. Amma bunlar, indiki hakimiyyətin daxilində "toplananların yerini dəyişəndə cəm dəyişmir",- fəlsəfəsi ilə oyunlardır. Bunu ictimai rəyə hesablayırlar, amma mahiyyətcə islahat deyil.

İslahat - siyasi islahatdır, hakimiyyət bölügüsünə düzgün əməl olunmasıdır.

İslahat - xalqın səsinin parlamentə daşınmasıdır.

İslahat - bələdiyyələrin yüksək hüquqla vətəndaşla birbaşa təmasa girən hakimiyyət orqanının formalaşmasıdır.

İslahat - ölkə resurslarının təhsil və elmə ən yüksək səviyyədə yönəldilməsidir.

21-ci əsrdə təhsilsiz, elmsiz millət iflasa məhkumdur, onun-bunun əlinin altında başıaşağı, boyunduruqda qalması deməkdir.

Bu gün hakim təfəkkür təhsil və elmi öldürür.

Bu gün səhiyyə sistemində parıltılı mənzərə yarada bilərlər, amma səhiyyə sistemi ölür. Tibbi sığorta siyasəti yoxdur. İnsan harda ürəyi tutdusa, orda da qalacaq. Dövlət vətəndaşının arxasında dayanmalıdır. On görə də epizodik dəyişiklikləri islahat kimi qəbul eləmək olmaz.

- Son illər maraqlı bir tendensiya müşahidə olunur ki, "yerindən tərpənməz" nazirlərin bir neçəsi "yola salınıb". Sizcə, bu, sadəcə fiqur dəyişikliyidir, yoxsa...

- Bütün bunlar sadəcə fiqur dəyişikliyidir. İstər Ziya Məmmədov, istər Eldar Mahmudov, yaxud başqalarının "yola salınması" hakimiyyətin mahiyyətini dəyişmir. Hakimiyyətin mahiyyətində bir kriminallıq var. Bir neçə istisnanı çıxmaq şərtiylə, bu komandada milli ruhlu məmur tanımıram. Ona görə də hakim komandadakılar mafiya qanunları ilə işləyirlər. Təbii ki, kriminal aləmdə şəxslərin önəmi olmur. Onların təfəkkürü islahatla daban-dabana ziddir.

Çox uzağa getməyək. Hacı Məmmədov olayı baş verdi. Kim istefa verdi, kim bütün bu cinayətlərə görə cavab verdi? Əslində, normal ölkədə belə hadisə baş versəydi, sitem təpədən-dırnağa qədər dəyişməli idi. Amma bizdə buna görə hesab verən olmadı.

Sonuncusu, MTN-dəki biabırçılıqlar... Milli Təhlükəsizlik Nazirliyi dövlətin bel sütunudur. Amma sonradan məlum oldu ki, milli təhlükəsizliyimizin keşiyində durmalı olan adamlar mafiya qaydalarına əsasən xərac toplayırmışlar. Bunun özü böyük biabırçılıq idi.

Əslində, MTN hadisələrinə görə bu sahəyə nazir təyin edən institut cavab verməli idi. Amma bunların heç birini görmədik. Bütün bunların səbəbi odur ki, hakimiyyətin mahiyyəti elə bundan ibarətdir.

Nazirlərin, komitə sədrlərinin fəaliyyətinə və yaşam tərzinə nəzər yetirin. On min manat əməkhaqqı alan nazir, nazir balası ayı ətindən necə kabab yeyir? Milyonlarla ölçülən villalar hansı pulla tikilir? Milyonluq lyüks maşınlar nəyin hesabına alınır?

Bütün bunlar cəmiyyətə bəllidir. Bu sistemdə çalışan məmur sistemin mahiyyətindən kənara çıxa bilməz. Bu sistemdə olan adamlardan hansısa islahat gözləməyə də dəyməz. İslahat təfəkkürdə olmalıdır. Amma bu hakimiyyətin belə bir iradəsinin olacağına inamım yoxdur.

Çox təşəbbüslər olub. Hətta buna görə qınanmışam. Prezidentə müraciətlərimdə yuxarıdan aşağı demokratik islahatlara və mafiyaya qarşı mübarizə cəsarəti istəmişəm. Bu cəsarət və siyasi iradə olarsa, ümid edirəm ki, siyasi sistem də, xalq da bu xətdə ola bilər və Prezident də tarixə islahatçı kimi düşər. Bu, milli dövlətçiliyimizə bu hakimiyyətin ən böyük xidməti olar.

Qəti olaraq bu qənaətdəyəm ki, bu hakimiyyətin siyasi hulqumu onları orda otuzduranların əlindədir. Bu zehniyyət, islahatçı platforma olan Rəsulzadə-Elçibəy yoluna antoqonistdir.

Kremlin əsas tələbi istiqlalı, demokratiyanı, Avropa demokratiyasını, milli demokratik düşüncəni ölkəmizdə gözdən salmaq, təsirsizləşdirmək və maksimum harınlamağa "yaşıl işıq"dan ibarətdir. Bunu da indikilər yerinə yetirməkdədir. Odur ki, hər hansı kadr dəyişikliyi və ya yerdəyişmənin islahatlarla bağlılığı yoxdur.

- Ümid sonuncu ölür. Sizcə, ölkədə demokratik islahatların aparılacağına heç bir ümid qalmayıb?

- Azərbaycan xalqı böyük xaldır. Millətimi sevən və ona güvənən adamam. Bu millət çox əxlaqlı, çox şərəfli, çox namuslu, çox döyüşkəndir. Onu mağmın, ölü, başıağağı bilməsinlər. Mən qaranlıqda işıq görən adamam. Yenə də bu millət öz sözünü deyəcək. Hökmən deyəcək. Ona güvənməyənlər xətanı özlərində arasınlar.

Azərbaycan xalqı yerindədir, onun yetkin gəncliyi var... Ola bilər ki siyasi sistemin naqisliyindən bu gün görünə bilmirlər, Azərbaycana istiqlal gətirən və bu gün də meydanda olan nəhəng kişilər var. Bu millət zaman-zaman istər Güneydə, istərsə də Quzeydə kükrəyib ayağa qalxanda dünyanı lərzəyə gətirib. Bu millət yenə sözünü deyəcək, vallah deyəcək. Özü də çox möhtəşəm deyəcək. Kremlin və ya onlarla eyni zehniyyəti bölüşənlərin müqəddəs bayrağımızı endirmə planı baş tutmayacaq.

Ölkəmizdə rusofil də, "5-ci kalon" da, Kremlin nökər-məmurları, deputatları da ola bilər. Bu, təbiidir. Amma bu millətin ulu ruhu meydanda olanda bunlar keçməyəcək. XXI əsrdir, bütün naqislikləri ilə Güclü Azərbaycan, Güclü Azərbaycan insanı, Türk dünyası var. O qalib gələcək.

Zaur ƏHMƏD



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı