Dövlət Xidmətində daha bir əməliyyat: polkovnik-leytenant saxlanılıb
26-10-2024 [12:37]
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.
Mia.az-ın məlumatına görə, bu barədə qərar Bakı Hərbi Məhkəməsi tərəfindən qəbul edilib.
Məhkəmənin qərarı ilə Xəyyam Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 311-cü maddəsi ilə ittiham verilib. Xəyyam Babayev rüşvət almaqda təqsirləndirilir. Məlumata görə, saxlanılma səbəbi Goranboy rayon şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdəki fəaliyyəti ilə əlaqədardır.
Qeyd edək ki, bu, son iki ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həbs olunan çoxsaylı rəsmi şəxslərindən yalnız biridir. Xidmətdən verilən məlumata görə, 2023-cü il və 2024-cü ilin birinci yarısında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib. Qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin birinci yarısında isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb: “2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib”.
Xidmət bildirir ki, “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident fərmanına uyğun olaraq vətəndaşların yekun tibbi müayinəsi iyulun 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir: “Bu da korrupsiya hallarının qarşısının alınması, obyektivliyin təmin edilməsi və şəffaflığın artırılmasında daha da müsbət nəticələr verəcəkdir. Qeyd edək ki, bu kimi tədbirlər ”Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir".
Korrupsiya ittihamı ilə həbslər Azərbaycanda yenilik deyil. Son illərdə sabiq də olsa nazir, nazir müavinləri, rayon rəhbərləri və sair vəzifəli şəxslərdən ibarət yüzlərlə şəxs korrupsiyaya yol verdiklərinə görə həbs olunub. Onların bir çoxları uzunmüddətli həbs cəzasına məhkum edilib, külli miqdarda əmlakları müsadirə olunub.
Ümumiyyətlə, ölkəmiz yüksək korrupsiyalaşma səviyyəsi ilə fərqlənən ölkələrdəndir. Uzun illərdir beynəlxalq korrupsiya reytinqlərində Azərbaycanın mövqeyi qənaətbəxş olmayan yerlərdə qərarlaşır. Məsələn, Azərbaycan 2023-cü il üzrə Beynəlxalq Şəffaflıq Təşkilatının hazırladığı Korrupsiya Qavrama İndeksində 100 mümkün baldan 23 bal toplayaraq dünyada 180 ölkə arasında 154-cü yerdə olub.
Baxmayaraq ki, ölkədə korrupsiya ilə mübarizəyə dair bir neçə dövlət proqramı icra olunub, bu sahədə fəaliyyətləri əlaqələndirən xüsusi komissiya, Baş Prokurorluq yanında İdarə fəaliyyət göstərir, hələ də korrupsiyanın səviyyəsində ciddi azalmadan danışmaq mümkün deyil. Ölkədə maliyyə fəaliyyəti yoxlanılan istənilən dövlət qurumunda külli miqdarda korrupsiya, mənimsəmə halları aşkarlanır. Son belə faktlar Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aşkarlanıb. AMEA dövlət büdcəsindən ən az vəsait alan təşkilatlardan biridir. Ondan on, yüz dəfələrlə çox büdcə vəsaitlərinə sərəncam verən qurumlar var. Təcrübə göstərir ki, belə qurumların hətta ən aşağı vəzifəli şəxsinin fəaliyyətinin araşdırılması milyonlarla manat dövlət vəsaitinin mənimsənildiyini aşkara çıxarır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin timsalında isə biz görürük ki, bir qurumdan on nəfərin belə korrupsiya faktına görə həbsi digər məmurlara dərs olmur, onların öz fəaliyyətlərini qanunlar çərçivəsində qurmalarına gətirib çıxarmır.
Hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, müxtəlif dövlət qurumlarında həbslərə rəğmən korrupsiya hallarının təkrarlanması Azərbaycanda bu mənfi hala qarşı mübarizənin fraqmental xarakterindən irəli gəlir: “Bu, ona görə baş verir ki, ölkədə korrupsiyaya qarşı mübarizə kompleks şəkildə, sistemli formada aparılmır. Yəni sistemli mübarizə yoxdur. Ayrı-ayrı yüksək vəzifəli məmurlar həbs olunsalar da, qısa müddətə azadlıqdan məhrum edilmə cəzası alırlar. Cəzaçəkmə yerlərində də korrupsiya yolu ilə qazandıqları pullar hesabına yaxşı gün keçirirlər, qısa müddətdən sonra bu və ya digər formada azadlığa çıxırlar. Belə nümunələr onlarladır. Bir çox hallarda onlar nəinki özləri azadlığa çıxırlar, hələ dövlətdən oğurladıqları vəsaitlər hesabına əldə olunan və həbs zamanı müsadirə edilən əmlaklarını da geri alırlar. Bunu görən digər məmurlar da fikirləşirlər ki, məndən də çox oğurlayanları tutdular, heç nə etmədilər, mən niyə oğurlamayım ki. Üstəlik, bir çox hallarda məlum olur ki, kimlərsə kiminsə yoluna keçdiyi üçün tutulub, həbs üçün səbəb kimi korrupsiya seçilib”...
Hüquqşünasın fikrincə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistem xarakterli olarsa, onda effektiv nəticələr əldə etmək olar: “Birinci növbədə normal ölkələrdə olduğu kimi, bütün dövlət məmurlarının, onların ailə üzvlərinin gəlir bəyannaməsi açıqlamaları təmin olunmalıdır. Hamı görməlidir ki, məmur nə qazanır, nə xərcləyir. Bununla bağlı BMT-nin konvensiyasına qoşulmuşuq, qanun da qəbul edilib. 2005-ci ildən Nazirlər Kabinetinə məmurların bəyannamə formasının hazırlanması tapşırılsa da, indiyədək buna əməl olunmayıb. Daha bir məsələ əmlak sahibliyinin gizlədilməsidir. Daşınmaz Əmlakın Dövlət Reyestri bütün dünyada ictimaiyyət üçün açıqdır, bizdə isə tam qapalı. Bu gün gözümüzün qarşısında ucalan böyük binaların, əmlakların kimə məxsus olduğunu heç kim bilmir. Bunu haradansa öyrənmək də mümkün deyil, üstəlik, hələ belə məlumatı əldə etmək cinayətə bərabər tutulur. Bu halda, hansı korrupsiyaya qarşı mübarizədən, onun effektivliyindən danışmaq mümkündür?”
Qeyd edək ki, son vaxtlar bir müddət əvvəl əmlakları müsadirə olunmaqla həbs edilən, sonra azadlığa çıxan şəxslər məhkəmələr yolu ilə müsadirə olunan əmlaklarını geri almağa çalışırlar. Hansı ki, həmin əmlaklar satılıb dəyəri dövlət büdcəsinə köçürülməlidir. 2020-ci ildə Nazirlər Kabineti “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nı təsdiq edib. Qaydaya əsasən, xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əmlak (qanuni sahibinə qaytarılmalı olan əmlak istisna olmaqla) üzərində dövlətin mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsasdır.
Qaydaya görə, əmlakın müsadirəsinə dair məhkəmə qərarını icra edən məmurlar onun qiymətləndirilməsini təmin edir, daha sonra onu Maliyyə Nazirliyinə təhvil verir. Maliyyə Nazirliyi isə tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, habelə dövlət əhəmiyyətli orden və medalları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, Mədəniyyət Nazirliyinin müəyyən etdiyi qaydada xüsusi ekspertizadan keçirildikdən sonra əvəzsiz olaraq dövlət muzeylərinə, kitabxanalarına, arxivlərinə, elmi və digər təşkilatlara verir.
Milli və xarici valyutada olan pul vəsaitləri Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Mərkəzi Bankdakı hesabına mədaxil olunur. Dini təyinatlı əşyalar əvəzsiz olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, dərman vasitələri əvəzsiz olaraq Səhiyyə Nazirliyinə, mobil telefon nömrələri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, qanunvericiliklə dövriyyəsi qadağan edilən əmlak onun üzərində sərəncamvermə səlahiyyəti olan orqanlara, qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, onun dövriyyəsinə icazə verən orqanlara təhvil verilir. Yuxarıda qeyd olunmayan xüsusi müsadirə edilmiş əmlakların satışı isə Maliyyə Nazirliyinin sifarişi əsasında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərrac yolu ilə həyata keçirilir. Bütün növ qiymətli kağızların satışı isə fond birjası vasitəsilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Əmlak satışa qiymətləndirmənin nəticələrinə dair hesabatda göstərilən qiymətdə çıxarılır. Xüsusi müsadirə edilmiş əmlakın satışı üzrə keçirilən ilk iki hərracda əmlak satılmadıqda, üçüncü hərracda həmin əmlakın qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin qiymətinin 50 faizi həcmində aşağı salınır. Satılmayan əmlaklar üzrə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq dövlət orqanlarına (qurumlarına) əvəzsiz olaraq təhvil verilir.
Əmlak Məsələləri Dövlət Xidməti malların satışından əldə edilmiş vəsaiti dövlət büdcəsinə köçürməlidir. Xidmət tərəfindən xüsusi müsadirə edilmiş əmlakın satışından əldə edilən vəsait həmin əmlakın saxlanılması, satışı xərcləri və qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür və bu barədə Maliyyə Nazirliyinə məlumat verilir. Məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əsasında xüsusi müsadirə edilməklə dövlət mülkiyyətinə keçirilmiş əmlakın, habelə həmin əmlakın satışından əldə edilmiş pul vəsaitinin bir hissəsinin cinayət işləri üzrə ibtidai istintaq aparmış hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq həyata keçirilir.
Ə.Həsənov deyir ki, hər il dövlət büdcəsinin icrasına dair hesabatla birlikdə müsadirə olunan əmlakın satışından daxilolmalara dair məlumat da açıqlanmalıdır, lakin bunu etmirlər. Buna görə də tutulan məmurların müsadirə edilən əmlaklarının taleyi qaranlıq qalır(Yeni Müsavat)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb