Bir milyonluq dələduzluq - Məhkəmə prosesində gərgin anlar yaşanıb 

img

24-07-2024 [18:14]


Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə Dövlət Vergi Xidməti və Əmək Müfəttişliyinə məhkəmənin sorğusuna cavablar açıqlanıb.

Hakim Azad Məcidov məhkəmənin göndərdiyi sorğulara verilmiş cavabları elan edib. Əmək Müfəttişliyinin məktubunda göstərilib ki, təqsirləndirilən şəxslərdən Nuridə Seyidova ilə bağlı əmək müqaviləsi və digər məlumatlar sistemdə yoxdur. Nuridə Seyidova isə özü haqqında sistemdə məlumat olmamasını xarici ölkənin vətəndaşı olması ilə izah edib.

Digər təqsirləndirilən şəxslər – Aysel Məmmədova və Aynur Bayramovanın əmək müqavilələri haqqında isə məhkəməyə məlumat verilib.

Dövlət Vergi Xidmətinin cavab məktubunda isə yazılıb ki, “My Doc Tour” və “Urmedhelp” MMC-lərdə faktiki kassa aparatları quraşdırılmayıb: “Yalandan vətəndaşları aldadıb, onlara qəbzlər vermisiniz. Sizin rəhbərlik etdiyiniz MMC-lərin heç kassa aparatı da olmayıb. Bununla bağlı Dövlət Vergi Xidməti məhkəməyə 72 vərəq hesabat göndərib. Hesabatlarda 5-6 manat pul yazmısınız, amma yüzminlərlə vəsait olub”.

Hakim daha sonra zərərçəkmişlərdən Tural Nəsmiyevin məhkəməyə göndərdiyi mülki iddianı elan edib. Zərərçəkmiş mülki iddia ərizəsində göstərib ki, 42 min 800 manat maddi, 8 min mənəvi ziyana görə, 264 manat isə mülki iddia üçün ödədiyi dövlət rüsumunu tələb edir. Onun hər üç təqsirləndirilən şəxsdən ümumi tələbi 51 min 40 manatdır. Zərərçəkmiş mülki iddiasında yazıb ki, bu məbləği üç təqsirləndirilən şəxsdən müştərək qaydada tələb edir.

Aynur Bayramovanın vəkili Elnur Quliyev mülki iddianın onun müvəkkilinə aid edilməsinə etirazını bildirib. Vəkil qeyd edib ki, Aynur Bayramovaya zərərçəkmiş Tural Nəsmiyevin övladıyla bağlı ittiham verilməyib: “Ona görə də bu hissədə mülki iddia geri qaytarılmalıdır”.

Aysel Məmmədova da mülki iddiaya etiraz edib. O bildirib ki, zərərçəkmiş Tural Nəsmiyev istintaqda ona qarşı şikayət və tələbinin olmaması barədə ərizə verib: “Dayım ona 10 min ödəniş etmişdi, o da şikayət və tələbi olmaması barədə ərizə vermişdi”.

Zərərçəkmiş isə deyirəb ki, o, istintaqdakı ərizəsində şikayətçi olmadığını yox, 10 min manat aldığını, qalan məbləği də tələb etdiyini yazıb. Müzakirələrdən sonra mülki iddianın icraata götürülməsinə qərar verilib.

Digər zərərçəkmiş Aysel Abdullayeva isə bu işin daha dərindən araşdırılmasını, təqsiri olan başqa şəxslərin də dairəsinin müəyyənləşdirilməsini istəyib. O bildirib ki, təqsirləndirilən şəxslərə qanunsuz olaraq, Talassemiya Mərkəzinə giriş və oradan məlumatlar, sənədlər əldə etmək imkanı yaradılıb: “Talassemiya Mərkəzi qapalı müəssisədir. Aynur Bayramova oradan xəstələrin qan nümunələrini, onların sənədlərini necə götürüb? Bunlar araşdırılmayıb. Bu adamların havadarları var. Onları tapıb cəzalandırmaq lazımdır”.

Daha sonra Nuridə Seyidova prokurorun, vəkillərin suallarını cavablandırıb. O, suallara cavaba başlayarkən məhkəmənin nəzərinə çatdırıb ki, bugünlərdə anası dünyasını dəyişib, lakin övlad olaraq, onun dəfnində, yas mərasimində iştirak edə bilməyib.

Nuridə Seyidova onu da qeyd edib ki, toplanan vəsaitlər hesabına beş nəfər talassemiyalı uşağın tam müalicəsi həyata keçirilib. O, bir neçə ad sadalasa da, hakim ondan bunu təsdiqləyən sübutlar, ətraflı məlumatlar istəyib.

Bu yerdə zərərçəkmişlərdən biri Natiq Qubadov onun dediklərinə etiraz edib: “Bu, dələduzdur, deyir ki, anam rəhmətə gedib. Allah rəhmət eləsin. Amma onun anası müəyyən yaşa dolmuşdu, amma zərərçəkənlərin övladları uşaqdır. Bu yaxınlarda 12 yaşında bir uşaq rəhmətə getdi. Zərərçəkmişlərdən Elman Nuriyev məhkəməyə gəlmir, çünki uşağın vəziyyəti çox ağırdır. Talassemiya xəstəliyi bilirsiniz nədir? Mütəmadi qan vurulmalıdır. Bəzən elə olur ki, artıq bədən başqasının qanını qəbul eləmir. Bizim pulumuz hesabına yaşayıblar. Bunların havadarları kimlərdir? Onlara arxayındılar.

Bu iş üzrə istintaq da düzgün aparılmayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Əhəd müəllim işi düzgün araşdırmayıb. Mən özüm keçmiş polis işçisiyəm, 23 yaşından müxtəlif dövlət qurumlarında xidmət etmişəm. Dörd ildir uşağıma görə yata bilmirəm. Kömək üçün ağız açmaq da ağırdır. Dost-tanış, qohumlar toplaşdılar, pul yığdılar. Bunun kimilərə edam cəzası verilməlidir. Talassemiya xəstələri üçün donor tapmaq çox çətindir. Elmanın övladına donor tapılıb, övladının yaşaması üçün şans yaranıb. Amma pulu yoxdur ki, gedib əməliyyat elətdirsin”.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərin dindirməsi başa çatandan sonra zərərçəkmişlərə də ətraflı ifadə vermək üçün şərait yaradılacaq: “Biz Cinayət-Prosessual Məcəlləsi əsasında məhkəmə prosesi aparırıq. Təqsirləndirilən şəxslərin dindirməsi başa çatandan sonra siz də ətraflı ifadə verəcəksiniz”.

Nuridə Seyidova zərərçəkmişlərdən alınmış vəsaitlərin və pulların kimlər arasında bölünməsi barədə danışarkən Natiq Qubadov yenidən əsəbiləşib: “Mənim xəstə balamın pulunu yemisən. Sən yaşamalı deyilsən. Sən buradan çıxsan belə, səni yaşatmayacam. Hətta tutulmağım bahasına olsa belə...”

Bundan sonra Nuridə Seyidova yenə də vəkillərin suallarını cavablandırıb. O bildirib ki, xəstələrin yaxınlarından alınmış vəsaitlər 4 nəfər arasında bölünüb. Onların üçü hazırda məhkəmə qarşısında dayanan şəxslərdir: “Mən, Aynur Bayramova, Aysel Məmmədova və Turan xanım...”

Aysel Məmmədova isə xəstə yaxınlarının aldadılıb, onların pullarının ələ keçirilməsilə bağlı ünvanına səslənən ittihamı qəbul eləməyib. O deyib ki, şəxsən onun xəstə yaxınlarından aldığı vəsaitlər depozitə qoyulub, əməliyyat baş tutandan sonra ona çatan hissəni götürürüb. O, əlavə edib ki, Nuridə Seyidova yalan danışır: “Mən biləndə ki, bu, xəstələri aldadıb, özüm votsap qrupunda zərərçəkmişlərə dedim ki, gedib şikayət eləsinlər”.

Məhkəmə prosesi sentyabrın 11-nə qədər təxirə salınıb.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.
O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Rlnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR