“Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açıldı - FOTOLAR
02-11-2023 [10:52]
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə ekskursiya etdirəcək “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olub. Bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir.
Mia.az xəbər verir ki, 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumatlarla tanış olmaq və eksponatları izləmək mümkündür.
Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423 – 1478) anadan olmasının 600-cü ildönümüdür.
Mərkəzin foyesində ziyarətçiləri Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı salamlayıb. Elə həmin məkanda Əməkdar artist Nailə Məmmədzadənin bədii rəhbərliyi ilə “Mirvari” rəqs qrupunun ifasında “Qılınclar ilə rəqs” təqdim edilib. “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədovanın ifasında isə qədim zamanlardan bizə gəlib çatmış, hər bir azərbaycanlının qəlbində ən incə hisslərə toxunan “Sarı gəlin” xalq mahnısı səslənib.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru Əminə Məlikova bildirib ki, 2023-cü il Azərbaycan xalqı üçün çox əlamətdar illərdən biridir. Çünki bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilir. “Gənclərin elmi biliklərə yiyələnməsinə çox diqqətlə, həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev hər zaman onlara Azərbaycan tarixini yaxşı öyrənməyi tövsiyə edirdi”, - deyə o qeyd edib.
Sərgidə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən aparıcı muzeylərindən - Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Tarix Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Gəncə Tarix Diyarşünaslıq Muzeyindən eksponatlar nümayiş etdirilib. Türkiyənin İstanbul şəhərində yerləşən Hərb Muzeyindən çox nadir eksponatlar da sərgidə yer alıb. Onların sırasında Uzun Həsənə aid olan nadir eksponat - zirehli geyim xüsusilə diqqəti cəlb edib. Bildirilib ki, bu eksponat Heydər Əliyev Mərkəzində nümayiş üçün 4 ay ərzində bərpa və konservasiya olunub.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Hərb Muzeyinin (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) kolleksiyanın Türkiyədən kənarda ilk dəfə qardaş Azərbaycanda sərgilənməsinin onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Bizim üçün bu il həm Türkiyə Cümhuriyyətinin yaranmasının, həm də qardaş Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyidir. İki əsrin birliyi Türkiyənin qardaşlığının və tərəfdaşlığının təməlini təşkil edir. Ötən tarixin mənalı dövrlərinə aid çoxlu səhifələr var. Bu baxımdan bu, iki 100 illik dövrün mənasına uyğun sərgidir”, - deyə diplomat qeyd edib.
Səfir Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkür edərək, Heydər Əliyev Mərkəzinin Azərbaycanın ən məşhur məkanlarından biri olduğunu diqqətə çatdıraraq deyib: “Bu mərkəzdə belə tarixi sərginin keçirilməsi bizim üçün vacibdir. Bu işdə Yunus Əmrə İnstitutunun töhfəsini qiymətləndirməmək olmaz və onun rəhbərliyinə təşəkkür edirik. Dəstəklərinə görə İstanbul Hərb Muzeyinə, İstanbul Topqapı Muzeyinə və Türkiyə Respublikası Prezidenti yanında Dövlət Arxiv İdarəsinə minnətdarlığımızı bildiririk. Bu kolleksiyada təkcə əşyaların deyil, bəzi sənədlərin də nümayiş etdiriləcəyinin şahidi olacağıq”.
Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateş Heydər Əliyev Mərkəzində olmasından məmnunluğunu bildirərək deyib: “Türkiyənin və Azərbaycanın tarixi keçmişində mühüm yeri olan Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənə aid sərginin açılışında iştirak etmək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” anlayışını yenidən canlandırmaq baxımından həqiqətən dəyərlidir. Buradakı eksponatları Türkiyədəki qurumlar, xüsusilə də Müdafiə və Mədəniyyət nazirlikləri və Türkiyə Prezidenti yanında Dövlət Arxiv İdarəsinin əməkdaşları Azərbaycandakı həmkarları ilə birlikdə seçiblər. Onların buraya gətirilməsi bir tərəfdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana və azərbaycanlı qardaşlarımıza verdiyi dəyərin, digər tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevin xüsusilə Türkiyə ilə yalnız hərbi, siyasi və iqtisadi sahələrdə deyil, həm də mədəni, təhsil və sosial sahələrdə münasibətlərin inkişafı istiqamətində gördüyü işlərin göstəricisidir”.
Rəhbərlik etdiyi institutun Azərbaycandakı gələcək fəaliyyətindən danışan Ş.Atəş xalqlarımzı bir araya gətirmək üçün belə fəaliyyətlərə dəstək göstərməyin vacib olduğunu qeyd edib. “İnanıram ki, bu sərgi üç ay ərzində Azərbaycanda çoxlu insanlar tərəfindən ziyarət ediləcək. Beləliklə, iki ölkə arasında əlaqələr konkret müstəvidə daha da inkişaf edəcək”, - deyə o bildirib.
Türkiyə Respublikası Dövlət Arxivinin rəhbəri, professor Uğur Ünal ölkəsinin zəngin arxivlərindən bu sərgiyə az da olsa, töhfə verməkdən çox xoşbəxt olduğunu qeyd edib: “Bu gün burada milyonlarla sənəd arasında hökmdar Uzun Həsənə aid qeydlərdən bəzi nümunələri təqdim etmək fürsəti qazandığımız üçün son dərəcə xoşbəxtəm. Ona görə də arxivlərin diqqətdən kənarda qalaraq yazıldığı bir tarix heç vaxt reallığı əks etdirməyəcək. Real tarix yazmaq ancaq arxiv qeydləri ilə mümkündür. Arxiv qeydi olmayan hər hansı əsərin, əslində, bu mənada heç bir dəyəri yoxdur”, - deyə U.Ünal diqqətə çatdırıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi “Uzun Həsən və Ağqoyunlu dövləti”, “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti”, “Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət”, “Sara Xatun - Azərbaycan tarixində ilk diplomat qadın”, “Despinə Xatun” və digər bölmələrdən ibarətdir. Burada Uzun Həsən, onun anası, apardığı diplomatik danışıqlar nəticəsində bir çox müharibələrin qarşısını almağa müvəffəq olmuş Sara Xatun, Uzun Həsənin öz gözəlliyi ilə insanları valeh edən həyat yoldaşı Despinə Xatun haqqında məlumatlar yer alıb.
Ekspozisiyadakı “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti” bölməsində ziyarətçilərə Sultan Uzun Həsənin yürütdüyü siyasət, Ağqoyunlu dövlətini kiçik bəylikdən böyük imperiyaya çevirməyə nail olmasından danışılır. Sərgidə Uzun Həsən, onun oğlu və davamçısı Sultan Yaqubun zirehləri, XV əsr Azərbaycan cəngavərlərinə aid silahlar da nümayiş etdirilir. Fərdi kolleksiyada saxlanılan, Uzun Həsənin qılınc və xəncərinin XV əsr texnologiyaları ilə düzəldilmiş replikaları, həmçinin dövrün hərbi ləvazimatlarından olan oxçu üzükləri də sərgidə görmək mümkündür.
Sərgidə “Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət” bölməsinə yer ayrılması da təsadüfi deyil. Burada Ağqoyunlu dövlətində mədəniyyət, o cümlədən memarlıq və incəsənətin inkişafını nümayiş etdirən fotoşəkillər, Türkiyənin Topqapı Sarayı Muzeyi tərəfindən təqdim edilən miniatürlərin, Türkiyənin Dövlət Arxivləri İdarəsi tərəfindən təqdim edilən Uzun Həsənin fərman və məktublarının surətləri ziyarətçilərə təqdim edilir.
Sərgidə Ağqoyunlu dövlətinə məxsus sikkələr, arxeoloji qazıntılar nəticəsində tapılan keramika nümunələri, mis əşyalar da yer alıb.
Eksponatlar arasında 1470-1480-ci illərə aid Təbriz miniatürlərinin əsasında tikilmiş Ağqoyunlu dövləti hökmdarının rəsmi geyimini də görmək mümkündür. Sərgi üçün xüsusi olaraq üzərində XV əsrə aid nadir Təbriz miniatürünün təsvir edildiyi xalçalar, eləcə də Uzun Həsənin mum heykəli və portreti də hazırlanıb.
Ekspozisiyada Ağqoyunlu dövrünə aid bəzi məlumatlar həm də multimedia və interaktiv vasitələrlə çatdırılır. İnteraktiv xəritə ilə ziyarətçilərə Ağqoyunlu dövlətinin sərhədləri, onun ərazisindən keçən ticarət yolları, şəhərləri təqdim edilir. Multimedia zalında Uzun Həsənə həsr edilən film də nümayiş olunur.
Sərginin suvenir bölməsi də ziyarətçiləri cəlb edəcək məkanlardan biridir. Burada Ağqoyunlu dövləti, Uzun Həsənə həsr olunan və digər maraqlı suvenirlər təqdim edilir. Sərgi ərəfəsində Uzun Həsənin obrazını əks etdirən kiçik çini heykəllər də hazırlanıb. Ziyarətçilər bütün bu suvenirləri sərginin davam etdiyi müddətdə Heydər Əliyev Mərkəzindən əldə edə biləcəklər.
Qeyd edək ki, “AzerGold” QSC Uzun Həsənin 600 illiyi münasibətilə qızıl sikkələrin istehsalına başlayıb. Nəfis tərtibatda dizayn edilən, incə naxışlarla zərb qızıl sikkə ilk dəfə Heydər Əliyev Mərkəzində təşkil edilən “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayiş olunub və suvenir bölməsində məhdud sayda satışa çıxarılacaq.
Uzun Həsənin 600 illiyi münasibətilə “Azərpoçt” MMC tərəfindən poçt markası da dövriyyəyə buraxılıb və sərginin açılışında həmin markanın təqdimatı olub. Buraxılış bir markadan və kupondan ibarət blok şəklində hazırlanıb. Markanın üzərində Sultan Uzun Həsənin tuğrası qızılı folqa ilə həkk olunub. Kuponun üzərində isə onun Ağqoyunlu dövlətinin hökmdarı olduğu illər göstərilib.
Sərgi çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində “Ağqoyunlu dövlətinin hökmdarı – Uzun Həsən” adlı kitab da hazırlanıb. Kitabda görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin soy kökü, şəxsiyyəti, daxili və xarici siyasəti, təşkil etdiyi qoşunlar, anası Sara Xatun, həyat yoldaşı Despinə Xatun, oğlu Sultan Yaqub, Ağqoyunlu dövründə Təbriz miniatür məktəbi, Ağqoyunlu silahları haqqında məlumatlar və müxtəlif muzeylərdəki həmin dövrə aid eksponatların fotoları, onlar barədə informasiyalar yer alıb.
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"