“Dövlət satınalmaları haqqında” yeni qanun qəbul edilib

img

24-06-2023 [12:35]


Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi l oxunuşda qəbul edilib.

Mia.az xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Layihədə satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.

Sənəddə, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.

Yeni qanun layihəsinə əsasən Azərbaycanın beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycanın diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı ölkədə keçirilən satınalmalarda iştirak edə biləcək.

Bundan başqa, sənədə əsasən, Satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakına bu Qanuna əsasən əvvəlcədən məhdudiyyət qoymayıbsa, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz.

Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrıseçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.

Həmçinin sənəddə deyilir ki, təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir:

- təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda;

- təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda;

- təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

- satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.

Aşağıdakı şəxslər satınalmalar zamanı satınalma komissiyasının üzvü, satınalan təşkilatın nümayəndəsi, kənar məsləhətçisi və ya satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola, o cümlədən satınalmaya dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər:

- təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri, təchizatçının digər işçisi və ya nümayəndəsi, habelə təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin, Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən təchizatçının aidiyyəti şəxsinin və ya nümayəndəsinin qohumları (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları), eləcə də təchizatçı ilə təsisçilik və (və ya) hüquqi və maliyyə asılılığı münasibəti olan şəxslər;

- keçirilən satınalmadan əvvəlki 3 (üç) il ərzində satınalmada iştirak edən təchizatçının işçisi və ya vəzifəli şəxsi olmuş şəxslər.

- Bu Qanunda nəzərdə tutulmuş hallar aşkar edildikdə satınalma komissiyasının üzvü bu barədə komissiya sədrini məlumatlandırır və həmin satınalma ilə bağlı komissiyada iştirak etmir.

- Bu Qanunun müddəaları ehtimal olunan qiymətlərin hesablanması zamanı satınalan təşkilat tərəfindən sorğu verilmiş və qiymətlər barədə məlumat alınmış təchizatçılara şamil olunmur.

- Bu Qanunda qeyd olunan məlumatlar nəzarət orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim edilir.

- Satınalan təşkilat bu Qanunda qeyd olunan məlumatları təchizatçıların təqdim etdiyi sənədlərd (məlumatlar), dövlət orqanlarının (qurumlarının) rəsmi internet səhifələri və digər etibarlı, müstəqil mənbələr vasitəsilə yoxlayır.

Bundan əlavə, dövlət satınalmalarında iştirak üçün sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təchizatçıdan tələb edilməyəcək.

Sənədə əsasən, belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təchizatçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya təchizatçı tərəfindən təmin edilir.

Qanunla satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri bildirişlər, qərarlar və digər sənədlər, habelə bu Qanunda nəzərdə tutulan məlumatlar yazılı formada təqdim olunacaq. Elcə də portal vasitəsilə keçirilən satınalmalar zamanı bu Qanunla nəzərdə tutulan sənədlər (məlumatlar) yalnız portal vasitəsilə göndərilir.

Satınalma kağız daşıyıcılarında həyata keçirildikdə nəzərdə tutulan sənədlər (məlumatlar) kağız daşıyıcılarında göndəriləcək.

Həmçinin, təchizatçılar (qeyri-rezident hüquqi və fiziki şəxslər istisna olmaqla) satınalma təkliflərində qiymətləri Azərbaycanın pul vahidi – manatla göstərməlidir.

Bundan başqa, sənədə əsasən, qeyri-rezident hüquqi və fiziki şəxslərin satınalma təklifləri şərtlər toplusunda müəyyən edilmiş xarici valyuta ilə göstərildikdə, satınalma təkliflərinin təqdim edilməsinin son gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə əsas götürülməlidir.

Eyni zamanda, dövlət satınalmalarına nəzarəti həyata keçirən orqanın səlahiyyətləri müəyyən edilir.

Sənədə əsasən, həmin səlahiyyətlər atınalma zamanı nəzarət orqanının satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları), satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda onun dəqiqləşdirilməsi ilə bağlı satınalan təşkilatlara müraciət etmək, satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb etmək, satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək, satınalmalarla bağlı araşdırma aparmaq və nəticəsindən asılı olaraq bu Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək, satınalma predmetinin həcminin (miqdarının) 15 faizə qədər artırılıb-azaldılmasına razılıq vermək, bu Qanunda nəzərdə tutulmuş hallarda satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək, satınalmalar üzrə illik hesabatı hazırlamaq və portalda yerləşdirmək, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq, təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul etməkdir.

Bundan başqa, həmin orqana satınalma müqaviləsi bağlananadək nəzarət orqanı satınalmaların bu Qanunun tələbləri pozulmaqla keçirilməsinə dair təchizatçıların əsaslandırılmış müraciəti olduqda və araşdırma zamanı həmin müraciətdə göstərilənlər təsdiqini tapdıqda, keçirilən satınalma ilə bağlı təqdim olunan sənədlərdə bu Qanunun tələblərinin pozulduğunu aşkar etdikdə, portalda satınalan təşkilatın keçirilən satınalma ilə bağlı bu Qanunun tələblərinə zidd hərəkət və ya hərəkətsizliyi aşkar etdikdə, qanunda göstərilən hallarda nəzarət orqanı aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini, satınalan təşkilata qanunazidd hərəkətlər (hərəkətsizlik) etməyi və ya qərarlar qəbul etməyi, yaxud prosedurlar tətbiq etməyi qadağan etmək, satınalan təşkilatın qanunazidd inzibati aktını “İnzibati icraat haqqında” qanununa uyğun olaraq ləğv etmək, satınalan təşkilatın və ya satınalma komissiyasının qanunazidd hərəkətini (hərəkətsizliyini) dayandırmaq hüququ verilir.

Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq l oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR